"Ermənistan, Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü Rusiya ilə problemlərə gətirib çıxara bilər"

 16:15 26.02.2024     253

Xəbər verdiyimiz kimi, NATO-nun baş katibi Yens Stoltenberq bəyan edub ki, Ukrayna indi NATO-ya əvvəlkindən daha yaxındır.

"Biz birlikdə Polşada yeni Birgə Təhlil, Təlim və Təhsil Mərkəzi açacağıq. NATO-Ukrayna Şurası vasitəsilə siyasi əlaqələrimizi dərinləşdiririk, orada məsləhətləşib, birgə qərarlar qəbul edirik. Ukrayna NATO-ya daxil olacaq. İndi söhbət "əgər" yox, "nə vaxt"dan gedir. Sizi həmin günə hazırlayarkən, NATO Ukraynanın yanında olmağa davam edəcək. Bu həm sizin, həm də bizim təhlükəsizliyiniz üçündür", - baş katib qeyd edib.

Ukraynanın NATO-ya üzvlük məsələsi barədə Redaktor.az-a danışan politoloq Tural İsmayılov hesab edir ki, Kiyevin Şimali Atlantika Müqaviləsi Təşkilatına üzvlüyü indiki halda gündəm olacaq bir məsələ deyil:

"Çünki nəzərə almaq lazımdır ki, NATO hazırda ərazi münaqişəsi olan və eyni zamanda burada vəziyyətin daha da gərginləşməyində maraqlı tərəf kimi iştirak edə bilməz. O baxımdan mən yaxın zamanlarda hansısa bir formada Ukraynanın NATO-ya üzv qəbul edilməyəcəyini düşünürəm".

Politoloqun sözlərinə görə, bu, tamamilə yanlış bir dezinformasiya manipulyasiyasıdır:

"Eyni zamanda, əlbəttə, bu gün NATO və bir çox Qərb strukturları çox açıq bir formada düşünürlər ki, Ermənistan, Ukrayna, Gürcüstan kimi ölkələri hansısa bir formada Qərbin patronajlığı altında olan siyasi təşkilatlara cəlb eləsinlər. Və əlbəttə ki, bütün bunlar sadalanan ölkələrin Rusiya və regionun böyük ölkələri ilə problemlərə gətirib çıxara bilər. Amma eyni zamanda mən hesab edirəm ki, bütün çətinliklərə rəğmən Ukraynanın NATO üzvlüyü hələ ki, mümkün deyil və belə bir hal olmayacağı üçün də bu müzakirələr, yəni Ukraynanın NATO üzvlüyü dartışmaları hansısa bir formada Rusiya-Ukrayna cəbhəsindəki aktiv hərbi fazaya təsir göstərməyəcək", - deyə T.İsmayılov bildirdi.

Həmidə İBRAHİMLİ