"Ermənistan müdafiə və hücum silahları almaqla müharibəyə hazırlaşır" - Deputatdan AÇIQLAMA
Ötən gün Xocalıya səfər zamanı çıxışı edən Prezident İlham Əliyev bəyan etdi ki, Ermənistan yeganə yolun Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək olduğunu bilməlidir.
Qeyd edək ki, 28-29 fevral tarixlərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan Berlində görüşəcəklər. Tərəflər arasında sərhədlərin delimitasiyası, sülh razılaşması müzakirə olunacaq.
Bəs, bu görüşdən gözləntilər nələrdir? Prezidentin bildirdiyi kimi, şərtlərimiz qəbul olunacaqmı? Bu görüşlərdə hansısa irəliləyişə şahid olacağıqmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu söylədi ki, bu özü-özlüyündə müsbət hadisədir və əslində gözlənilən idi:
"Çünki Münxendə Ermənistan və Azərbaycan liderlərinin görüşündən sonra xarici işlər nazirlərinin görüşməsi ilə əlaqədar artıq tapşırıqların verildiyi bəlli olmuşdu. Məsələ ondadır ki, ən pis görüş, ən pis danışıq, ən yaxşı susmaqdan daha yaxşıdır. Yəni bu, özlüyündə yaxşıdır. Diplomatiyada bu cür qəbul olunur ki, fiziki şəkildə görüşüb nəyisə müzakirə etmək sülh üçün müəyyən perspektivlər yarada bilər. Məsələnin ümidsiz tərəfi ondan ibarətdir ki, görüşdə iştirak edən Ermənistan tərəfi doğrudanmı sülh istəyir, yoxsa sadəcə sülh məsələsini imitasiya etməklə müharibəyəmi hazırlaşır? Bu sualın cavabı mənə elə gəlir ki, çox aydındır. Çünki müharibədən ötən üç il yarım müddətində Ermənistan ən müxtəlif növ müdafiə və hücum silahları almaqla müharibəyə hazırlaşır. Üstəlik, təhlükəsizlik çətiri adı altında Azərbaycan Prezidentinin Xocalıda qeyd etdiyi kimi özünə yeni yiyə axtarır, özünə yeni sahib axtarır. Belə olan halda əlbəttə ki, sülhlə bağlı optimist olmağa dəyməz, ya da Ermənistanın sülhə gələcəyi ilə bağlı optimist olmağa dəyməz. Ona görə də mən düşünürəm ki, xarici işlər nazirlərinin həm Almaniyada, həm Türkiyədə nəzərdə tutulan görüşləri qarşılıqlı şəkildə bir fikir mübadiləsi ola bilər. Amma tezliklə bu görüşlərin sülhə gətirəcəyi inandırıcı görünmür. Çünki Ermənistanın müstəqil iradəsi yoxdur, Emənistan özünə yeni yiyə axtarır. Fransanın timsalında o yiyələrin kim olduqları bəllidir. Bir tərəfdən Ermənistanın xarici siyasətilə bağlı İran rəsmiləri açıqlamalar verirlər, başqa bir tərəfdən Fransa. Digər tərəfdən, Hollandiya Ermənistanın xarici siyasətini həyata keçirən bir qurum kimi özünü görür, Azərbaycana müraciət edir ki, biz gəlib Azərbaycanda Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edəcəyik. Belə olan halda, əlbəttə ki, nəticə gözləmək, məncə, doğru olmazdı. Amma bütün hallarda belə görüşlərin vacibliyini də qeyd etmək lazımdır".
Humay İSGƏNDƏRLİ