"Xocalı soyqırımının sifarişçiləri və icraçıları bir-bir məsuliyyətə cəlb olunacaqlar"
"Xocalı qətliamında təqsirli olan şəxslər barəsində ümumi qaydada prokurorluq tərəfindən cinayət işi qaldırılmalıdır. Yəqin ki, qaldırılıb. Bu barədə cinayət işi var. O qətliamın törədilməsində siyasi qərarları qəbul edən, eləcə də o cür qətliamın birbaşa iştirakçıları olan şəxslərin şəxsiyyəti müəyyən olunub, barəsində cinayət işi qaldırılmalıdır və ümumi qaydada axtarışa verilməlidir. Daha sonra isə İnterpol xətti ilə beynəlxalq axtarışa verilməlidir. Axtarışa verildikdən sonra isə ümumi qaydada yaxalanıb məsuliyyətə cəlb edilməlidir, barəsində istintaq aparılmalıdır. Cinayət məsuliyyətinə cəlb olunub, mühakimə olunmaq üçün materiallar məhkəməyə verilməlidir. Bu, ümumi istintaq hərəkətləri, ümumi cinayət faktı ilə bağlı yerinə yetirilməli olan prosessual hərəkətlərdir. Təbii ki, o ağır qətliamın, soyqırımın sifarişçiləri o dövrki Ermənistanın siyasi, hərbi rəhbərliyi olub. Onların da şəxsiyyəti, kimliyi bu gün tarixdən də bəllidir. Yəni bu, gizli deyil. Ona görə həmin şəxslərin məsuliyyətə cəlb olunması üçün prosedur hərəkətlər yerinə yetirilməlidir. Bunu da hüquq-mühafizə orqanları edir".
Bu sözləri Redaktor.az-a açıqlmasında hüquqşünas Ceyhun Cəfərli Xocalı soyqırımının hüquqi baxımdan tanıdılmasından danışarkən bildirdi.
Onun sözlərinə görə, Xocalı soyqırımı qətliam kimi, siyasi, hüquqi baxımından, təbliğat baxımından Azərbaycanın xarici siyasətində həmişə prioritet olub:
"İstər dövlət səviyyəsində, istər ictimai əsaslarla bizim ziyalılarımız, dövlət rəsmilərimiz, diplomatlarımız, Azərbaycanın diasporu, eləcə də xaricdəki bizi dəstəkləyən, haqlı mövqeyimizi bilən, müdafiə edənlər həyata keçirir. Hər zaman biz bunu görürük, özü də bu, daimi həyata keçirilib. Azərbaycanda həmişə bu məsələ xarici siyasətimizdə Qarabağla bağlı olduğuna görə, xüsusilə həmişə prioritet olub, gündəmdə olduğu üçün heç vaxt o masadan çəkilməyib. Azərbaycanın diplomatları, Azərbaycanın bütün ziyalıları, xaricdə görüşlər keçirənlər, dövlət səviyyəsində prezidentimiz bunu həmişə xatırladıb. Eləcə də elə öz içimizdə, Azərbaycanda bunu hər il yad etməyimiz, böyük hüzn günü kimi xatırlamağımız özü də bizim xarici siyasətimizin tərkib hissəsi olub. Çünki Azərbaycanda fəaliyyət göstərən bütün səfirliklər, yəni bütün diplomatik korpus bu hüznümüzə şahiddir. Yalan təbliğat deyil. Bunlar faktlardır. Hətta elə bariz faktlardır ki, bunu Ermənistan tərəfi belə inkar etmir. Bununla bağlı Azərbaycan tərəfi kifayət qədər təbliğat aparıb. Əslində elə götürsək, 30 il, 35 il ərzində Azərbaycan xalqı, Azərbaycan dövləti həqiqətən yumruq kimi bir olub. Hamı uşaqdan böyüyə, gəncdən qocaya, ziyalıdan adi vətəndaşa, şəhərlidən kəndliyə hamı, hər kəs bu məsələdə vahid siyasət yürüdülməsinin tərəfdarı olub. Bu məsələdə həmrəylik nümayiş olunub. Elə bu birliyin bərəkətidir ki, prezidentimizin rəhbərliyi altında, ordumuzun rəşadətli fəaliyyəti nəticəsində biz öz torpaqlarımızı da geri qaytardıq, haqqımızı bərpa etdik. Əslində Xocalı soyqırımının soyqırım kimi tanınmasında üstünlüyü əldə etdik, haqlı mövqeyimizi bütün dünya dəstəklədi, bütün dəstəkləməyənlər belə haqlı olduğumuzu görürlər. Bu gün əslində Xocalı soyqırımını tanıtdırmaq üçün daha böyük bir zəmin yaranıb, hüquqi zəmin yaranıb, faktoloji zəmin yaranıb və Azərbaycan mənə elə gəlir ki, bu məsələdə də öz haqlı mövqeyini təsdiq etdirəcək və həmin şəxslər - bu faciəni törədənlər, ona siyasi göstəriş verənlər, onun icraçıları bir-bir məsuliyyətə cəlb olunacaqlar. Bunun zamana ehtiyacı var. Bu, bir il ola bilər, beş il ola bilər, amma bu olacaq. Yəqin ki, yaxın vaxtda olacaq. Çünki dövlətimizin, dövlət rəhbərliyinin, xalqımızın prinsipial mövqeyi ortadadır və bunun əslində, nəticələrini də gördük", - deyə hüquqşünas bildirdi.
Həmidə İBRAHİMLİ