Ermənistanın müstəqillik aktında 1918-ci ildə yaradılmış respublikanın varisi olduqları məsələsi niyə yoxdur?

 16:17 27.02.2024     442

Türkiyə Ermənistanla sərhədi açmaq üçün yeni bir şərt irəli sürüb ki, Ermənistan öz konstitusiyasına dəyişiklik etməli, ərazi iddialarından əl çəkməlidir. Türkiyənin Ermənistanla sərhədləri açmaq üçün indiyədək şərtləri Azərbaycan torpaqlarının işğaldan azad edilməsi idi.

Bəs, Türkiyənin bu yeni şərti Azərbaycanın da maraqlarına uyğundurmu?

Mövzu ilə bağlı Redaktor.az-a dnışan politoloq Sədrəddin Soltan söylədi ki, əslində, Türkiyə təkcə Azərbaycanın maraqlarından çıxış edib, Ermənistanla sərhədi bağlamır:

"Ermənistan həm də Türkiyəyə qarşı ərazi iddiası edir, Türkiyəni saxta soyqırımda ittiham edir. Bu məsələ son hadisələrdən sonra irəli sürülən şərtlər deyil, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi ilə bağlı danışıqlar oldu, hətta sənədlər ilkin olaraq imzalandı da. Amma Türkiyə onda öz şərtləri ilə yanaşı, həm də Azərbaycanın torpaqlarının işğaldan azad olunması şərtini Ermənistan qarşısında irəli sürdü. Hadisələr göstərir ki, Ermənistan nə Türkiyə, nə Azərbaycana qarşı iddialarından əl çəkmir və bu iddialarda durur. Azərbaycanın səkkiz kəndinin hələ də işğal altında qalması bunu təsdiqləyən başlıca amillərdəndir. Deməli, Türkiyənin Azərbaycanla bağlı irəli sürdüyü şərt, Azərbaycanın şərtləri təmin olunmayanadək Türkiyə Ermənistanla sərhədi açmayacaq məsələsi qüvvədədir. İkinci bir tərəfdən Ermənistanın Baş naziri Nikol Paşinyan son bir ildə davamlı surətdə Türkiyəyə qarşı ərazi iddialarının da haqsız olduqlarını bildirir. Məsələn, Paşinyan deyir ki, "Ağrı dağına Ararat dağı deyirik və onu gerbimizə, dərsliklərə də salmışıq, bu, Türkiyəyə qarşı ərazi iddiasıdır". Eyni zamanda Ermənistanın müstəqillik haqqında aktında Qarabağın Ermənistana birləşdirilməsi məsələsi var. Ermənistanın mövcud konstitusiyasında həm Azərbaycanın, həm Türkiyənin ərazi bütövlüyünə iddiaları var. Azərbaycan və Türkiyə həm Şuşa bəyannaməsinə görə öz xarici siyasətlərini uzlaşdırırlar, həm də öz ərazi bütövlüyü və suverenliklərini qorumaq üçün oxşar addımlar atırlar. Ona görə də Ermənistanın ilk növbədə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsi vacibdir. Bu, həm də Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan normallaşma prosesi üçün əsas ola bilər".

Politoloq qeyd etdi ki, Ermənistanla həm Türkiyə, həm də Azərbaycan arasında normallaşma prosesi, sülh sazişi və nəticədə sülh müqaviləsinin və sair bu tipli beynəlxalq aktların imzalanması üçün hüquqi baza yoxdur.

"Bu hüquqi baza isə konstitusiyadan başlayır. Əgər bir ölkənin konstitusiyasında başqa ölkələrə ərazi iddiası edilirsə, deməli, bu ölkənin təməlində qonşu dövlətlərə qarşı təcavüz, işğal başlıca maddə olaraq durub. Çünki hər ölkənin əsas qanunu onun konstitusiyasıdır. Əgər əsas qanunda bu işğalçılıq, təcavüzkarlıq varsa, onda Azərbaycanla Türkiyə Ermənistanla hansı münasibətləri normallaşdıra bilər, hansı sülh müqaviləsini imzalaya bilər? Yaxud bu ölkənin istənilən baş naziri, istənilən prezidenti, konstitusiya məhkəməsi, sülhpərvərlikdən, sülh sazişinin imzalanmasından hansı əsasla danışa bilər? Odur ki, Ermənistan liderlərinin bu istiqamətdə danışıqları hay-küydür, özlərini sülhsevər kimi göstərməkdir. Sülhdən danışmaq istəyirlərsə, normallaşma prosesindən danışıb bu istiqamətdə addım atmaq istəyirlərsə, əsas qanunda dəyişiklik etsinlər. Əsas qanunu yenidən yazsınlar. Bunu Ermənistanın baş naziri də açıqlayır, dəfələrlə bildirib ki, Ermənistan konstitusiyası dəyişməməlidir, Ermənistan konstitusiyası yenidən yazılmalıdır. Bir məsələni də deyim, biz deyirik ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. Ermənistan da 1918-ci il mayın 28-də Cümhuriyyət qurubdur, amma Ermənistanda Xalq Cümhuriyyətini, yəni 1918-ci ildə yaradılmış Ermənistan Respublikasının varisi olduqları məsələsi, Ermənistanın müstəqillik aktında yoxdur. Orada yazılır ki, Ermənistan Respublikası 1918-ci ildə qurulmuş respublikadakı demokratik ənənələri inkişaf etdirəcək. Niyə yoxdur? Çünki elan etsə, o zaman əraziləri ki var, onu SSRİ dövründə Ermənistana qatıblar, o ərazilərdən çıxmış sayılır. Ona görə də Ermənistanın həm müstəqillik aktı yarımçıqdır, həm konstitusiyası yarımçıqdır. Hər iki sənəddə qonşu dövlətlərə qarşı ərazi iddiası var. Konstitusiyasında qonşu ölkələrə qarşı işğalçılıq iddiası irəli sürülən bir ölkə ilə hansı müqaviləni imzalamaq olar? Kim əsas təminat verə bilər ki, bir müddət sonra mövcud konstitusiya ilə Ermənistan perspektivdə Azərbaycana və Türkiyəyə hücum etməz?", - deyə S.Soltan vurğuladı.

Humay İSGƏNDƏRLİ