Bu seçim Ermənistana nə vəd edir?

 15:59 28.02.2024     495

Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyünü dondurduğunu bəyan etməsi ciddi müzakirələrə səbəb olub və Rusiyanı əməlli-başlı hiddətləndirib. Bundan əvvəl, Ermənistanın çox sürətlə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçısı olması hadisələrin konkret ssenari əsasında gedişinə bir işarədi, həm də bu bir növ gələcəkdə Ermənistanda baş verə biləcək hadisələrlə bağlı konkret addım atıla bilməsi üçündür. Ukraynada bu imkanlar olmadığından vəziyyət bir qədər mürəkkəbləşmişdi.

Paşinyanın KTMT açıqlamalarından bir neçə saat sonra Kreml bildirmişdir ki, İrəvan KTMT-də üzvlüyünü dayandırmaq niyyəti ilə bağlı heç bir rəsmi bildiriş göndərməyib. Davamınca, Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, biz Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakının dondurulması ilə bağlı bəyanatlarının arxasında nəyin dayandığı barədə ikitərəfli kanallar vasitəsilə hərtərəfli izahat gözləyirik. Rusiya Ermənistanın KTMT-dən çıxması ilə bağlı müraciət etmədiyini bildirir. Hhesab edirəm ki, müraciət formal xarakter daşıyır. Ermənistan KTMT ilə bağlı lazım olan addımlarını mərhələli şəkildə atır. 2022-ci ilin sonundan etibarən, Ermənistan KTMT ilə münasibətlərini əhəmiyyətli dərəcədə aşağı saldı. İrəvanın ötən ilin yanvarında “ölkə ərazisindəki mövcud vəziyyət” səbəbindən 2023-cü ildə təlimlərə ev sahibliyi etməyəcəyini elan etdi. Daha sonra Ermənistan mart ayında Alyansda Baş Katibin müavini təyin etmək üçün kvotadan istifadə etməkdən imtina etdiyi barədə KTMT-ni məlumatlandırıb. Düşünürəm ki, bunlar KTMT-ni qəbul etməməklə bağlı kifayət qədər verilmiş qərarlardır. Əslində, Paşinyanın niyyətinin arxasında nəyin dayandığı Rusiyaya bəllidir, sadəcə Ermənistanın bunu dilə gətirməyini istəyir. Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa bunu iki səbəblə izah edib:

Birinci səbəb, bunun Qərb olkələrinin, xüsusilə Fransanın təsiri ilə baş verə bilməsidir;

İkinci səbəb isə Paşinyanın apardığı uğursuz siyasətin Dağlıq Qarabağda baş verənlərə görə KTMT və Rusiyanı günahlandırmaq cəhdidir.

İkinci hal buna səbəb olmamalıdır. Azərbaycan öz ərazilərini işğaldan azad edib və Rusiya Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıdığından məsələyə müdaxilə etməyib. Birinci hal isə səbəb kimi qəbul oluna bilər. Qərb ölkələri ümumiyyətlə Cənubi Qafqazı Rusiyanın nəzarətindən çıxarmağa çalışır. Paşinyan çıxışında da daha çox o ölkələrlə münasibətə üstünlük verdiyini bildirir.

O, France 24 telekanalına müsahibəsində bildirib ki, Rusiyanın rəhbərlik etdiyi regional hərbi blok olan KTMT, digər beş postsovet ölkəsi ilə birlikdə qarşıya qoyduğu məqsədləri yerinə yetirə bilməyib. Onun sözlərinə görə, o, Parisə rəsmi səfəri zamanı Fransa prezidenti Makron ilə danışıqlar aparıb və nəqliyyat, enerji, su və müdafiə sahələrində ikitərəfli əlaqələri daha da yaxşılaşdırmaq barədə razılığa gəlib. Görünən odur ki, artıq, hər bir addım planlı şəkildə icra olunur. Fransanın Ermənistanı silahlandırması da bu proseslərin tərkib hissəsidir. Məqsəd bir dövlətin məhv olması hesabına da olsa, Rusiyanı iqtisadi baxımdan zəiflətmək və sıradan çıxarmaqdır. Nəzərə alsaq ki, 1 günlük müharibə 100 milyon dollara başa gəlir, o zaman Rusiyanın iki cəbhədə müharibə aparması heç də asan olmayacaq. Amma başqa çıxış yolu da görünmür. Bu, Ermənistan üçün isə çox ağır nəticələrə səbəb ola bilər. Rusiya ümumumiyyətlə, Ermənistan üçün bu şansı tanımır və tanımayacaq. Deməli, vəziyyət olduqca ciddidir. Hadisələri izləyək.

Əlövsət Allahverdiyev,

hüquq üzrə fəlsəfə doktoru, dosent