"KTMT-dən ayrılmaq Ermənistanda qarışıqlıq yarada bilər" - Politoloq

 16:54 29.02.2024     275

Bildiyimiz kimi, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini rəsmən dayandıra bilər.

"Əgər məsələlər həllini tapmasa, de-yure olaraq da bunu edəcəyik. KTMT ilə münasibətlərin dondurulması həm də Ermənistanın qurum daxilindəki nümayəndəsinin olmaması deməkdir",- deyə Paşinyan söyləyib.

Bəs, Ermənistan KTMT-dən ayrılrarsa, Rusiya Ermənistana qarşı hansı tədbirləri görəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov dedi ki, Rusiyanın Ermənistana qarşı hansı tədbir görməsi, onların həmin vəziyyətdə olan münasibətindən asılı olacaq:

"Ermənistanın KTMT-dən çıxması, həm Rusiyanın Ermənistandakı gücünün zəifləməsinə, həm də Ermənistanın Rusiya tərəfindən ciddi təhdid altına düşməsinə gətirib çıxara bilər. Çünki mən düşünmürəm ki, Rusiya Ermənistanı rahatlıqla boş buraxa ki, KTMT-dən rahat ayrıla. Ermənistanla Rusiya arasında 50 illik müqavilə bağlanıb, Ermənistanın Türkiyə və İranla sərhədini Rusiya sərhədçiləri qoruyur. Bəs onun taleyi necə olacaq? Digər məsələ odur ki, Ermənistan daxilində mülki infrastrukturların, xüsusən də hava limanlarının qorunması da Rusiya hərbçiləri tərəfindən həyata keçirilir. Onun taleyi necə olacaq? Ümumi ayrılma bir neçə istiqamət üzrə ola bilər. Buna görə, nə Rusiya ona şərait yaratmaz və nə də Ermənistanın indiki vəziyyətdə Rusiyanın orbitindən çıxması inandırıcı ola bilər. Gələcək üçün bu perspektiv formalaşa bilər. Amma indiki məqamda cəhd edərsə, Ermənistanda qarışıqlıq yarana bilər".

Humay İSGƏNDƏRLİ