"Təəssüflər olsun ki, ABŞ və Fransa bu reallıqları qəbul etmək istəmədi" - Deputat

 16:40 29.02.2024     301

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Ölkə başçısı görüş zamanı bəzi məsələlərə diqqət çəkib.

İlham Əliyev bildirib ki, ABŞ və Fransa yenə səhv etdi:

"Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdilər. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər", - deyə Prezident qeyd edib.

Bəs, ABŞ və Fransanın ölkəmizə qarşı qərəzinin məqsədi nədir? Onlar da Rusiya kimi reallıqları qəbul edəcəkmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirdi ki, Azərbaycan uzun illərdir işğal altında qalmış torpaqlarını öz gücü hesabına azad etdi.

O söylədi ki, BMT-nin 4 qətnaməsini Azərbaycan özü yerinə yetirmiş oldu:

"Beynəlxalq ictimaiyyətin və beynəlxalq təşkilatların öhdəlikləri faktiki olaraq yerinə yetirilmədi, ikili standartların bütün dövr ərzində şahidi olduq və hazırda bu proseslərə şahidlik edirik. Dünyada beynəlxalq hüquq və konvensiyalara söykənərək separatizmin fəaliyyəti tənqid olunur, separatizmə şərait yaradılmır və Azərbaycan da öz suveren torpaqlarında separatizmin kökünü kəsdi. Belə olduğu halda Rusiya bu reallıqları qəbul etdi. Ancaq təəssüflər olsun ki, ABŞ və Fransa bu reallıqları qəbul etmək istəmədi. Onlar açıq şəkildə, xüsusilə də, Fransa açıq şəkildə Ermənistanı dəstəklədi və Ermənistandan çox erməni mövqeyi ortaya qoydu və bu gün o mövqeyi davam etdirir. Hərçənd ki, onlar bu səhvi buraxmamalıdır, çünki keçmiş ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq ABŞ və Fransa əslində bu münaqişəni həll etmək öhdəliyini öz üzərlərinə götürmüşdü. Ancaq təəssüflər olsun ki, onlar nəinki bu münaqişəni həll etmək, əksinə, münaqişənin həlli zamanı tərəf tutmaq yoluna üstünlük verirdilər. Bu da nəticə etibarilə uzun illər problemi uzatdı və dondurulmuş münaqişəyə çevirmək istədilər. Azərbaycan isə buna dur dedi, Azərbaycan öz gücü hesabına bu problemi həll etdi və bu günlərdə Azərbaycan Ermənistanla sülh anlaşmasını imzalaması üçün bütün mümkün vasitələri səfərbər edib. Hazırda ABŞ və Fransa Ermənistanı müəyyən dərəcədə, bəzən isə tam olaraq dəstəkləməklə sülh prosesinə kölgə salırlar. Onlar bu reallıqları dərk etməlidirlər, anlamalıdırlar ki, Cənubi Qafqazda sülh olmadığı təqdirdə uzun illər iqtisadi inkişafdan və dirçəlişdən, tərəqqidən danışa bilmərik. Xüsusilə də sülhün olmaması nəticə etibarilə ən böyük ziyanı Ermənistana vurur və Ermənistan bütün bu proseslərdən kənarda qalır. Ermənistan regionda inteqrasiyanın ən böyük manesinə çevrilir".

Naqif Həmzəyevin sözlərinə görə, nəticə etibarilə bu məsələlərdə Fransa və ABŞ həssas davranmalıdır:

"Ermənistanın Fransa tərəfindən silahlandırılması da ən yanlış addımlardan biridir. Bir daha qeyd edirəm, Ermənistanı cəsarətləndirməklə, Ermənistana süni nəfəs verməklə Ermənistanı diriltmək yox, əksinə, Ermənistanı daha çətin vəziyyətə salmış olacaqlar. Azərbaycan onsuz da qarşısına qoyduğu bütün məqsədlərə çatıb və digər çağırışlar da Azərbaycanın liderliyində öz həllini tapacaqdır. Ermənistan isə bütün bu proseslərdən kənarda qalmaqla öz müstəqilliyini belə təhlükə altına atmış olacaq. 10000 kilometrlərlə kənardan gəlib, heç kim Ermənistanın real olaraq problemlərini həll etməyəcək. Bu baxımdan da Azərbaycan haqq yolundadır, Azərbaycan doğru yoldadır və Azərbaycan beynəlxalq təşkilatlara və Ermənistan havadarlarına dəfələrlə çağırışlar edib ki, Azərbaycanın irəli sürdüyü sülh anlaşmasının şərtlərinə müvafiq olaraq Ermənistanla bu müqavilənin imzalanmasına dəstək versinlər və ya ümumiyyətlə, bu prosesə qarışmasınlar. Azərbaycan Ermənistanla dil tapıb bu anlaşmanı imzalaya biləcəkdir".

Humay İSGƏNDƏRLİ