"Dövlətlər adına Almaniyadakı görüşlərdən nəticə gözləmirəm, amma..." - Əziz Əlibəyli

 18:42 29.02.2024     374

Xəbər verdiyimiz kimi, iki gündür ki, Berlində Azərbaycan, Ermənistan və Almaniya xarici işlər nazirinin görüşü keçirilir.

Almaniyanın xarici işlər naziri Annalena Berbok görüşlə bağlı deyib ki, Azərbaycan və Ermənistan liderləri qalan problemlərin sülh yolu ilə həllinə razılaşıblar:

"Almaniya iki ölkə arasında danışıqlara ev sahibliyi etməklə, hər iki ölkənin səylərini dəstəkləməkdə qərarlıdır".

Görüş haqqında Redaktor.az-a danışan politoloq Əziz Əlibəyli söylədi ki, bu proses iki konteksdə qiymətləndirilə bilər:

"Müzakirəçi dövlətlərin mövqelərinin prizmasından və Almaniyada keçirilməsi prizamasından" -  deyən həmsöhbətimiz qeyd etdi ki, bütövlükdə sülh prosesi bir neçə mərkəzdə müzakirə olunub və onların müəyyən fərqləri var:

"Proseslər sülhə gətirib çıxarmır. Hər dəfəsində də tərəflər arasında fikir ayrılığının əsas səbəbi görüş keçirilən mərkəzlərin maraqlarının qorunmasına yönəlik addımlara görədir. Onlar öz milli maraqlarını müdafiə edirlər, güdürlər, gələcək planlarını bu sülh müqaviləsi üzərindən işə salmağa çalışıblar. Mərkəzlərdən birində sülh müqaviləsi olarsa, bu, dərhal həmin mərkəzin siyasi baxımdan Qafqazın siyasi həyatındakı iştirakını həm şərtləndirir, həm də gücləndirir. Sülhü bağlamaq şərt deyil, onun qorunmasına yönəlik müxtəlif lokomotivlər müəyyən olunmalıdır. Bu prizmadan yanaşanda Almaniya görüşündən hansı nəticə gözləyirəm? Dövlətlər adına Almaniyadakı görüşlərdən nəticə gözləmirəm. Bu yalnız müəyyən beyin həmləsidir. Azərbaycan əleyhinə qarşı tərəflərin müxtəlif maraq dairələrinin bir boşluq tapmaq niyyətidir. Amma bu, Almaniya adına söylədiyim fikir deyil. Ermənistan baş nazirinin hazırkı iddiaları imkan verməz ki, bizim istədiyimiz ölçüdə reallaşması mümkün olsun. Bir tərəfdən hədsiz silahlanma və Ermənistanın Fransanın siyasi kəşfiyyat, hərbi maraq dairəsinə daxil olması bizi bu niyyətdən, bu imkanlardan daha da ayırır. Amma pozitif nə var? Almaniyanın fəallaşması, Avropa Ittifaqı - Azərbaycan münasibətlərində, xüsusilə də Fransa mərkəzli və Fransa-Azərbaycan münasibətlərindəki gərginləşmə fonunda yaşanır. Bu fonda bir önəmli məsələ də Almaniya iqtisadiyyatının Şərq Komitəsinin rəhbərinin Azərbaycana səfəridir. Yəni biz artıq kompleksi bu cür oxumalıyıq ki, Almaniya ilə münasibətlər Fransa ilə gərginləşən münasibətlər kontekstində yeni sferaya daxil olub. Bu gərginləşmənin bəhrəsini Almaniya əldə edəcək. Bu mənada Azərbaycan Almaniyanın danışıqların mərkəzi kimi görülməsinə etiraz etmir. Həm Fransa faktoruna görə, həm də Almaniya ilə münasibətlərin gərginlik fonunda yeni rəng əldə edilməsinə görə".

Humay İSGƏNDƏRLİ