“Fransanın məqsədi Ermənistanı özündən asılı vəziyyətdə saxlamaqdır” - Vitse-spiker

 18:20 29.02.2024     281

Bu gün Qərb dairələrində ölkəmizə qarşı iki yanaşmanın şahidi oluruq. Birinci yanaşma Almaniya və digər dövlətlər tərəfindən irəli sürülən ədalətli və doğru yanaşmadır. Bu dövlətlər anlayırlar və etiraf edirlər ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa, suverenliyini bərqərar etməsi dövlət olaraq təməl haqqı idi. Bu yanaşmanı təmsil edən dövlətlərin yeganə amalı var ki, Cənubi Qafqazda sülh gündəliyi irəli aparılsın və regionda sülhə nail olunsun.

Bu yanaşmanın tərəfdarları ortaya konkret mövqe qoyurlar, ölkəmizin Ermənistanı sülhə dəvətini dəstəkləyir,  sülh sazişinin imzalaması barədə təşəbbüsümüzü yüksək qiymətləndirirlər. Anlayırlar ki, imzalanacaq sülh müqaviləsi nəticəsində regionda sabitlik və dinclik təmin olunacaqdır. Bu sahədə tez-tez fikirlərini açıqlayırlar, məsələn Almaniya hər iki ölkənin xarici işlər nazirinin görüşünə evsahibliyi etməklə sülh müqaviləsi ilə bağlı məsələlərə öz töhfəsini verir.

Münasibətlərin inkişaf etdiyi və qarşılıqlı müzakirələrin davam etdiyi bir vaxtda Fransa və erməni lobbisinin təsirində olan bəzi başqa qüvvələr açıq-aşkar Ermənistanı silahlandırmağa davam edir. Dəfələrlə regionu xaosa sürükləməklə bağlı Fransanın qərəzli addımları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılsa da, bu ölkə Ermənistanı məcburi şəkildə uçuruma sürükləyir. Münasibətlərin stabilləşməsinə imkan yaratmaq əvəzinə, Ermənistana göstərilən silah tədarükünün yeganə hədəfi Cənubi Qafqazda sülhə maneə olmaq, Ermənistanı özündən asılı vəziyyətdə salmaqdır. Fransa göstərdiyi bu “yardım”la ölkəsində olan xaosu Cənubi Qafqaza ixrac edir, eləcə də, Ermənistan vasitəsilə hakimiyyət daxilindəki böhranı gizlədir.

Təbii ki, beynəlxalq ictimaiyyət başa düşür ki, Azərbaycan öz haqlı mövqeyini müdafiə edir və sülh müqaviləsinin bağlanması üçün də bütün mövcud şərtləri qarşı tərəfə təklif edir. Sülh müqaviləsinin öz  gündəliyində əsas yerdə olduğunu bildirən Azərbaycan, Ermənistana sülh sazişi ilə bağlı şərtləri irəli sürüb. Məqsəd isə regionda sabitliyə və mehriban qonşuluq siyasətinə dəstək verməkdir.

Borrel guya ölkəmizin Ermənistana qarşı hücum edəcəyini bildirərək, ölkəmizin gözdən salınması istiqamətində erməni lobbisinin təsiri altında əsassız və məqsədyönlü iddialar səsləndirir. Başa düşmür ki, Azərbaycan Ermənistanı bir dövlət olaraq məhv etməyi əsas hədəf hesab etsəydi, 2020-ci ilin noyabr ayının 10-da hərbi əməliyyatları dayandırmaz və faktiki olaraq sıradan çıxmış Ermənistan ordusunu son əsgərinə qədər məhv edər, düşmənin təslim olmaqla bağlı yalvarışlarına məhəl qoymazdı.

Habelə, 2023-cü ilin sentyabr ayının 19-da başlayan və rəşadətli Azərbaycan Ordusu tərəfindən 23 saat davam edən antiterror əməliyyatının yeganə hədəfi hərbi obyektlər və hərbi texnika olmazdı. İkinci Qarabağ müharibəsində, antiterror tədbirləri zamanı Ordumuz üzərinə düşən vəzifəni yüksək səviyyədə icra etdi və yalnız hərbi təyinatlı obyektlərə zərər vurdu. Müharibə qanunlarına döyüş əməliyyatları zamanı yüksək dərəcədə riayət edən peşəkar hərbi qulluqçular Ermənistandan fərqli olaraq, mülki əhalini və obyektləri heç zaman hədəf seçməyiblər. Bunu Qərb dairələri kifayət qədər yaxşı bilir.

Belə olan halda, Azərbaycanın Ermənistana hücum edəcəyi barədə proqnoz vermək absurd düşüncədən başqa bir şey deyil. Məhz erməni lobbisinin maliyyə dəstəyi ilə həyata keçirilən bu siyasətin “ana xəttini” Azərbaycanı hər vəchlə gözdən salmaq və Avropada sevilməyən bir ölkəyə çevirməkdir. Ölkəmizi demonizə edərək, Qərbdə gedən proseslərdən kənarlaşdıra və imicini korlaya biləcəyini düşünənlər yanılır.

Bu gün Azərbaycan Qərbin əsas qaz təchizatçılarından biridir və özlərinin adlandırdığı kimi, etibarlı tərəfdaşdır, müxtəlif layihələrə rəhbərlik edir, COP-29 kimi mötəbər tədbirə evsahibliyi edir.

Avantürist qüvvələr də başa düşür ki, Azərbaycanın hər zaman yeganə tələbi 30 il kimi uzun müddət ərzində torpaqlarımızı işğalda saxlayan Ermənistanın bu əraziləri tərk etməsi və ərazi bütövlüyünü bərpa etmək olub. Məhz BMT TŞ-nin bu məsələ ilə əlaqədar qəbul olunmuş 4 qətnaməsini tanımayan və hər addımda təxribatlara yol verən Ermənistanın bu illər ərzində atdığı bütün addımlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Göstərmiş olduğu qeyri-adekvat reaksiya, təxribatlar həm də bu qətnamələri qəbul edən ölkələrə göstərilən hörmətsizlik idi.

Azərbaycan öz ərazisində separatçı rejim və “boz zona” görmək istəmir, ölkəmiz təməl haqqı olan ərazi bütövlüyünü bərpa və suverenliyini bərqərar edib.

2020-ci ilin noyabr ayının 10-da Ermənistan imzaladığı kapitulyasiya sənədi ilə ordusunun Qarabağdan çıxarılmasını üzərinə vəzifə olaraq götürmüşdü, daha sonra nə baş verdisə, bu şərtə riayət etmədi, əksinə sistemli şəkildə təxribatlara davam etdi.

Bu gün aydın şəkildə başa düşülür ki, Ermənistanın həmin zaman üzərinə götürdüyü öhdəliklərdən imtina etməsinin arxasında duran gizli əl elə Fransa imiş. Həmin dövrdə gizli, bu gün isə aşkar dəstək verən Fransa heç bir vəchlə regionda sülhün sabitliyinə imkan vermir, Ermənistanı özündən asılı vəziyyətdə saxlayır.

Adil ƏLİYEV,

vitse-spiker