Avropa Parlamentinin ikiüzlülüyü: Artıq bu siyasət bütün dünyaya bəllidir

 15:29 01.03.2024     347

Bildiyimiz kimi, Avropa Parlamentinin hesabatında növbəti dəfə Azərbaycan əleyhinə fikirlər yer alıb.

Avropa Parlamentinin bu həftə keçirilən plenar iclasında Azərbaycanın Qarabağdakı antiterror əməliyyatları pislənib və Avropa İttifaqı Şurası Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə çağırılıb. Avropa Parlamenti ötən bir il ərzində Azərbaycanla bağlı üç qətnamə və bir hesabat qəbul edib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu söylədi ki, Avropa Parlamentinin sonuncu hesabatında Azərbaycana qarşı səsləndirilən fikirlərin heç birinin hüquqi əsası yoxdur.

"Bu, Azərbaycana qarşı növbəti qərəzli mövqe kimi qəbul edilə bilər, faktların təhrif edilməsi kimi qəbul edilə bilər. Sonuncu hesabat ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatdır. Adından göründüyü kimi, təhlükəsizlikdən söhbət gedirsə, ilk növbədə bütün dünyada beynəlxalq təhlükəsizliyin əsasında beynəlxalq hüquq və onun tələbləri dayanır. Təhlükəsizlik deyəndə də Azərbaycanda heç şübhəsiz ki, özünün bu hüquqa söykənən beynəlxalq hüquqla əsaslandırılan milli təhlükəsizlik dayanır və Azərbaycanın ərazi bütövlüyünü bərpa edibdir. Bununla da regionda təhlükəsizliyə böyük töhfə verib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə dünyada bir işğalçı dövlətin, işğalçılıq siyasətinə son qoyubdur. Yəni bu prinsiplərin hər biri elə beynəlxalq təhlükəsizlik sisteminin gücləndirilməsinə daha da etibarlı olmasına verilən töhfələrdir. Azərbaycanın atdığı bu addımlar əslində Avropa Parlamentinin fəaliyyət prinsipləri ilə də üst-üstə düşür. Belə olan halda Azərbaycana qarşı Avropa Parlamentinin qəbul etdiyi qərarlar təkcə Azərbaycana qarşı qarayaxma deyil, həm də Avropa İttifaqının öz fəaliyyət prinsiplərinə, öz nizamnamə prinsiplərinə qarşı hərəkət etməsidir. Ona görə də burada bir, ziddiyət var, əslində isə bu ziddiyyətdən daha çox ikiüzlülükdür, ikili standartlar siyasətidir. Artıq bu siyasət bütün dünyaya bəllidir. Çünki Avropa İttifaqı kimi, Avropa Parlamenti kimi, Avropa Şurası kimi beynəlxalq qurumlar daha çox kollektiv Qərbin müxtəlif milli dövlətlər üzərində iradəsini diktə etmək mexanizminə çevrilibdir, nəinki beynəlxalq hüquq və təhlükəsizliyi təmin edən bir institutdur. Ona görə də mən düşünürəm ki, bu siyasət hamıya aydındır və bu qərəzli mövqeyi, inam, Azərbaycan ilk dəfə deyil ki, qarşılaşır. Amma nə olursa olsun, Azərbaycan bu cür təzyiqlərə əsla və əsla boyun əyməyəcəkdir. Çünki nəticə etibarilə Azərbaycan məhz Avropada təhlükəsizlik və əməkdaşlıq üçün yeni bir tarixi mərhələ yaradıbdır. İşğala son qoymaqla işğalçı dövlətə dərs verməklə beynəlxalq hüququn daha da etibarlı olmasına öz töhfəsini veribdir. Avropa dəyərlərinə, hüquq və azadlıqlara yeni imkanlar yaradıbdır, əgər bu dəyərlərində avropalılar səmimidirsə. Ən böyük hüquq isə, ən böyük azadlıq isə, ən böyük demokratiya isə bir millətin öz torpaqlarında azad yaşamasıdır və onun təhlükəsizliyinin qorunmasıdır. Azərbaycan da nəticə etibarilə bunu edibdir", - deyə deputat vurğuladı.

Humay İSGƏNDƏRLİ