"Ermənilər silahlanaraq yeni müharibəyə hazırlaşırlar" - Fəzail Ağamalı

 18:11 04.03.2024     377

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Antalya Diplomatiya Forumu zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistanla müzakirələr zamanı mövzulardan biri qarşı tərəfin qaldırdığı Qarabağda yaşayan ermənilərin hüquqları məsələsi olub:

"Burada xüsusi bir yanaşma gözləntiləri var idi. Azərbaycan isə buna dair yanaşma və təklifi ondan ibarət idi ki, sülh müqaviləsi Ermənistan - Azərbaycan dövlətlərarası münasibətlərini tənzimləyir. Azərbaycan ərazisində yaşayan ermənilərlə bağlı məsələ isə Azərbaycanın daxili məsələsidir”, - deyə nazir qeyd edib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı söylədi ki, bu, ermənilərin növbəti məkrli yanaşmasıdır:

"Onlar hiyləgər bir toplumdur, bu gün dediyini sabah inkar edən və qeyri-ciddi bir toplum olaraq hər zaman özünü başqa formalarda gündəliyə gətirənlərdir. Ermənistanın kapitulyasiya aktını imzalamasından üç ildən artıq vaxt keçib. Bu üç il ərzində müxtəlif bəhanlərlə Azərbaycanın irəli sürdüyü sülh sazişinin bağlanması təklifini normal qarşılamır, sülh sazişinin bağlanmasına maneçiliklər törədir, ən müxtəlif şəkildə olan maneələr yaradırlar. İndi bu da növbəti hoqqabazlıqdır, hiylədir. Əslində Ermənistan sülh sazişini bağlamaq niyyətində deyil, daha çox silahlanaraq yeni müharibəyə hazırlaşırlar. Paşinyanın (Ermənistanın Baş naziri Nikol Paşinyan -red.) özü də maskalanmış revanşistdir, özünü sülh göyərçini kimi göstərib, əməldə sülh sazişinin bağlanmasına maneçilik törədir. Fransadan, Hindistandan və dünyanın ayrı-ayrı ölkələrindən müdafiə və hücum xarakterli müasir silahlar almağa çalışır. Görünən odur ki, Ermənistan 2020-ci ilin noyabrında məruz qalmış olduğu ağır məğlubiyyətlə heç cür barışmaq istəmir. Bunların da yanında Qafqaza gəlib, Qafqazda strateji maraqlarını reallaşdırmağa çalışan Fransa, Amerika kimi ölkələr Ermənistana doğru stimullaşdırıcı addımlar atırlar, vədlər verirlər. Həmin ölkələrin hərbi qüvvələrini hansısa bir formada regiona gətirməyə çalışırlar ki, regiona tamamilə nəzarət etsinlər.  Ermənistanın bu cür mövqeyinin arxasında təkcə erməni xalqının Azərbaycan torpaqlarına qarşı bitib-tükənməyən niyyəti dayanmır. Eyni zamanda rəsmi Ermənistanın da açıq və ciddi şəkildə revanşist qüvvələri öndədir. Ermənistan tərəfindən sülh sazişi bağlanmırsa, Azərbaycan üçün problem deyil. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Ermənistanın işğalında 8 kəndimiz qalıb, onların da hazırda geri qaytarmasıyla bağlı məsələ sülh masasının üzərindədir".

Deputat dedi ki, əgər Ermənistan 8 kəndimizi danışıqlar vasitəsilə geri qaytarmasa, öz silahlı qüvvələrini və insanlarını oradan geri çəkməsə, Azərbaycanın yenə də qəhrəman və igid silahlı qüvvələri bu missiyanı yerinə yetirəcək.

"Ermənistan anlamır ki, indi Qafqazda yeni müharibə başlayarsa, o, Azərbaycan və Türkiyənin silahlı qüvvələrinin, yüksək səviyyəli hərbi imkanlarının qarşısında dayanacaq və Ermənistan dövlətinin həqiqətən çökməsinə gətirib çıxaracaq. Necə ki, Ukraynanı bir cəbhəyə çevirərək onu Rusiyanın qurbanına çevirirlərsə, öz məqsədlərinə nail olmağa çalışırlarsa, Ermənistanı da eyni şəkildə qurban verib hansısa bir formada Qafqazda yerləşməyə çalışırlar. Belə bir niyyətləri var. Ona görə də Azərbaycan da öz gücünü artırmalıdır, necə ki, artırır. Biz dövlətimizin güclənməsi üçün əlimizdən gələni etməliyik, töhfələrimizi verməliyik. Xalqımızın həmrəyliyi yüksək səviyyədə olmalıdır. Dövlət, xalq Vətən müharibəsində olduğu kimi, yenə də hər zaman monolit şəkildə birləşməlidir. Silahlı qüvvələrimizlə bərabər olmalıyıq və heç bir qüvvə Azərbaycanı tutmuş olduğu yoldan döndərə bilməyəcək. Bu birmənalı şəkildə hər kəs tərəfindən qəbul olunmalıdır", - deyə F.Ağamalı vurğuladı.

Humay İSGƏNDƏRLİ