"Nə qədər ki, Ermənistan güclü şəkildə silahlanmayıb..." - Deputat 8 kəndi azad etməyə ÇAĞIRDI

 11:45 05.03.2024     322

"Hazırda işğal altında olan 8 kəndi Azərbaycan torpaqlarına birləşdirməliyik".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. 

Deputat Azərbaycanın işğal altında olan kəndlər üçün əməliyyatlar həyata keçirməli olduğunu bildirib:

"Ermənistan Fransa və Yunanıstanla birlik yaradır və onlar vasitəsi ilə silahlanmağa çalışır. İrəvanda hakimiyyətdə olanlardan başlayaraq sadə vətəndaşa qədər hər kəs revanşist düşüncələrlə Azərbaycana qarşı müharibəyə hazırlaşırlar. Azərbaycan müstəqilliyi, suverenliyi uğrunda mübarizə aparır. Heç bir qüvvənin qarşısında təslim olmayacağıq. Nə qədər ki, Ermənistan güclü şəkildə silahlanmayıb, biz hərbi əməliyyatlar həyata keçirib işğal altında olan 8 kəndi torpaqlarımıza birləşdirməliyik. Hesab edirəm ki, hadisələrin gedişi heç də xoşa gələn deyil. Cənublu soydaşlarımıza müraciət edərək bildirirəm ki, Vətən müharibəsində olduğu kimi müxtəlif ölkələrdən İran vasitəsilə Ermənistana aparılan silahların qarşısını almaq üçün iradələrini ortaya qoysunlar”, - deputat qeyd edib.

Xatırladaq ki, hazırda Naxçıvan Muxtar Respublikasının 1, Qazax rayonunun 7 anklav kəndləri Ermənistanın işğalı altındadır.

Humay İSGƏNDƏRLİ