"Münasibət dəyişməyəcəksə, Avropa Şurası ilə əməkdaşlığın perspektivi yoxdur" - Politoloq

 12:16 05.03.2024     295

"AŞPA-nın məqsədi Azərbaycana təzyiq göstərməkdən ibarətdir. Çünki indiki şəraitdə ölkəmiz heç bir halda Ermənistanla münasibətlərin normallaşması prosesində üçüncü tərəflərin iştirakını arzulamır və özünün suveren hüquqlarından bir addım da geri çəkilməyəcəyini bildirib. Bu günə qədər təkcə AŞPA tərəfindən deyil, bütövlükdə Avropanın bir sıra təşkilatları, o cümlədən Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı edilən hücumların təməlində bu aspektlər dayanır".

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli Azərbaycan Prezidenti İlham Əliyevin "AŞPA-da Azərbaycana qarşı qərəzli və çirkin kampaniya aparılır" fikrini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan bu günə qədər Azərbaycanın irəli sürdüyü, beynəlxalq hüququn prinsiplərinə söykənən təkliflərlə bağlı prinsipial mövqe irəli sürmür və eyni zamanda sülh müqaviləsinin imzalanmasına cəhd göstərmir:

"Bununla yanaşı, həm də Ermənistan 10 noyabr 2020-ci il tarixli bəyanatda yer alan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi dediyimiz layihənin reallaşdırılması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxladı. Azərbaycana dəyəri 100 milyard dollarla ölçüləcək ziyan vurduğu halda Ermənistanın faktiki olaraq bu prosesdən belə üstün bir mövqedə çıxmasını arzulayırlar və təzyiqlər də Azərbaycana qarşı məhz bu kontekstdə həyata keçirilir. Onu da qeyd edim ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycanın bu təşkilata üzv olduğu ilk gündən etibarən məhz Cənubi Qafqazda sülhün, təhlükəsizliyin bərpa olunmasına hər hansı bir formada dəstək verməyib. Ukrayna, Moldova, Gürcüstanın ərazi bütövlüyünə münasibətdə birmənalı mövqe sərgilədiyi halda, eyni yanaşma tərzini də Azərbaycana münasibətdə sərgiləməyib. Yəni, prinsip etibarilə bu günə qədər də davranışlar ölkəmizə qarşı qərəzli olub. İndiki atılan addımların da təməlində bu aspektlər dayanır. Cənab prezident bildirdi ki, Azərbaycan Avropa Şurasından da, yəni təkcə Parlament Assambleyasından yox, Şurasından da prinsip etibarilə çıxa bilər, tərk edə bilər, fəaliyyətini dayandıra bilər. Bu, ölkəmizin ədalətli və obyektiv yanaşması, mövqeyidir. Təbii ki, bu münasibət dəyişməyəcəksə, o halda bizim Avropa Şurası ilə əməkdaşlıq etməyimizin də hər hansı perspektivi yoxdur".

Həmidə İBRAHİMLİ