"AŞPA-nın qərəzinin əsasında islamofob dünyagörüşü dayanır" - Deputat

 17:09 05.03.2024     362

"AŞPA-nın Azərbaycana qarşı mövqeyi qərəzlidir və ikili standartlara söykənir. Bəzən insanda elə təəssürat yaranır ki, AŞPA insan hüquqları üzrə ixtisaslaşmış Avropa Şurasının Parlament Assambleyası deyil, Qərbdə hökm sürən islamofob mərkəzlərin sözçüsüdür. Şübhəsiz ki, hüquq deyilən bir anlayış var və hüquq beynəlxalqlaşdırılıbdır, yəni beynəlxalq hüquq öhdəçilik yaradır, davranış qaydalarını təyin edir, vəzifələr müəyyənləşdirilir. AŞPA-nın da fəaliyyəti şübhəsiz ki, bu çərçivədə olmalıdır".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin "AŞPA-da Azərbaycana qarşı qərəzli və çirkin kampaniya aparılır" fikrini şərh edərkən deyib.

Onun sözlərinə görə, AŞPA-ya üzv olan ölkələrlə bağlı hüquq hamıya eyni dərəcədə şamil edilməlidir:

"Azadlıqlar da, özünü ifadə də hamıya eyni dərəcədə şamil edilməlidir. Amma çox təəssüf ki, AŞPA hüququ manipulyasiya edir, müxtəlif dövlətlərə qarşı müxtəlif formada tətbiq edir. Ona görə də əlbəttə ki, biz 44 günlük müharibədə Azərbaycanın, nəhayət, 2023-cü il sentyabr ayında suveren hüquqlarını öz ərazisində tam bərpa etməsində də AŞPA-nın davranışlarının adekvat olmadığını gördük. Çünki heç bir halda torpaqları işğala məruz qalmış Azərbaycanın hüquqlarından danışmayan və 30 il susan AŞPA nədənsə birdən-birə xatırladı ki, o, hüquq müdafiəçisidir və hüququ manipulyasiya edərək pozulmayan erməni hüquqlarından danışmağa başladı. AŞPA-nın qərəzinin əsasında bu məsələ, islamofob dünyagörüşü dayanır. Ona görə də şübhəsiz ki, Azərbaycan prezidenti haqlı olaraq məsələ ilə bağlı öz fikirlərini bölüşdü. Bu, tamamilə doğru bir mövqedir, anlaşılan mövqedir, məntiqli mövqedir, çünki nəticə etibarilə hər bir təşkilat öz fəaliyyətini obyektiv əsaslarda qurmağı bacarmalıdır".

Həmidə İBRAHİMLİ