Ermənistanla sülhə yaxınlaşırıq? - AÇIQLAMA

 16:26 06.03.2024     397

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin bir neçə maddəsi "sərhədi qanunsuz keçmək", "silah gəzdirmək" və s. ilə ittiham olunduğunu bildirib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin martın 4-də yaydığı məlumatda onun Azərbaycana təhvil verilməsi ilə bağlı qərar qəbul olunduğu bildirilib.

Dünən isə Ruslan Pənahov Vətənə qaytarılıb.

Maraqlıdır, Ermənistanın bu məsələni uzatmadan həll etməsi iki ölkə arasında sülh prosesində irəliləyişlərdən xəbər verirmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirdi ki, Azərbaycan dəfələrlə xoş niyyət ortaya qoyub, ancaq Ermənistan tərəfi bəzən bu xoş niyyəti düzgün dəyərləndirmirdi.

Onun sözlərinə görə, yanvar ayından başlayaraq biz fərqli yanaşmanı görə bilirik:

"Xüsusilə də əsgərimizə qarşı bu yanaşma düşünürəm ki, müəyyən dərəcədə sülh prosesində irəliləyişin müjdəçisidir. Təbii ki, biz də istəyirik ki, sülh baş tutsun. Sülhü ən çox istəyən Azərbaycan tərəfidir və ümid edirik ki, Ermənistan öz havadarlarının qızışdırılmasına baxmayacaq və havadarlarının onlara verdiyi süni cəsarətə arxalanıb sülh prosesinə xələl gətirməyəcəkdir. Düşünürəm ki, Ermənistan tərəfi də az-çox tam olaraq dərk edir ki, Azərbaycanla sülhdən başqa alternativ yoxdur. Nə qədər silahlansa da, nə qədər güc nümayiş etdirməyə çalışsa da, bunun Ermənistana heç bir faydası yoxdur. Çünki Azərbaycanla güc dilindən, təhdid dilindən danışmağın heç bir müsbət nəticəsi ola bilməyəcək. Bu baxımdan da, bu addımı atmaqları və heç bir günahı olmayan, yalnız hava şəraitinin pis olması ilə əlaqədar olaraq yolu azıb Ermənistan tərəfə keçmiş əsgərimizi geri qaytarmaları yaxşı bir hadisədir. Buna bənzər hadisələr erməni hərbçilərinin də başına gələ bilər. Hətta belə bir hadisələr olmuşdu, Azərbaycan da problemsiz həmin hərbçiləri geri qaytarmışdı".

Deputat onu da qeyd etdi ki, bu, müəyyən dərəcədə şərti sərhəd ərazisindəki gərginliyi də azaldacaqdır:

"Çünki Azərbaycan bir dəfə sərhəddə baş vermiş erməni təxribatı ilə əlaqədar olaraq qisas əməliyyatı keçirdi. Snayper vasitəsilə bizim hərbçimiz yaralanmışdı, ancaq bundan başqa sərhəddə hansısa bir toqquşma və ya gərginlik olmamışdır. Bu hadisə də Ermənistan tərəfi üçün düzgün bir qərar oldu. Əks təqdirdə, bilirsiniz ki, istənilən qədər hərbiçini əsir götürmək gücümüz də var və şərti sərhəd ərazilərinə də tam nəzarət bizim ordumuz tərəfindən həyata keçirilir. Mən düşünürəm ki, Ermənistan bütün bunları, sülh prosesi ilə əlaqədar danışıqların müsbət nəticələr verməsini nəzərə alaraq bu addımı atıbdır və ümid edək ki, Ermənistanın hansı bir başqa təxribatı və yaxud Ermənistan tərəfinin hər hansı bir hiyləgər addımının şahidi olmayacağıq və həqiqətən də sülhə real olaraq yaxınlaşacağıq".

Politoloq İlyas Hüseynov isə bildirdi ki, hərbi qulluqçumuzun Azərbaycana verilməsi həm də Ali Baş Komandan İlham Əliyevin prinsipiallığı, siyasi iradəsi sayəsində mümkün olub.

Onun sözlərinə görə, Azərbaycan tərəfi hər zaman qarşı tərəfə humanizm dəyərlərindən çıxış edərək davranış nümayiş etdirib və bütün addımlar sülhün, təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsi naminə olub:

"Biz çalışmışıq ki, tərəflər arasında etimad atmosferi formalaşsın. Bu xüsusda öz addımlarımızı səfərbər etmişik. Digər tərəfdən, Azərbaycan hərbçisinin bizə qaytarılması həm də sülh yolunda mühüm bir dinamizmə yol aça bilər və Ermənistan tərəfi də yaxşı anlayır ki, bizim hərbçimizə qarşı açılan qondarma cinayət işi onun məhkəməsinə dair hazırlıqların görülməsi və icrası həm də Azərbaycan tərəfini ciddi qıcıqlandıra bilər. Azərbaycan tərəfi əlbəttə ki, burada milli maraqlarımızdan çıxış edərək müvafiq addımlar ata bilər. Azərbaycan Prezidenti hər zaman bəyan edib ki, bizim siyasətimizin əsas mərkəzində insandır və bütün fəaliyyət, daxili və xarici siyasətin formalaşması, bizim vətəndaşlarımızın rifahı, onların sağlamlığı və təhlükəsizliyi naminədir. Ona görə də məhz bu hərbi qulluqçumuzun qaytarılması sülh yolunda müəyyən bir cığır açsa da, biz gözləyirik ki, Ermənistan sonrakı davranışlarında, addımlarında da bu münasibəti davam etdirsin. Çünki konstruktivlik sülhün bərqərar olunması üçün əsas şərtdir. Öhdəliklərin yerinə yetirilməsi sülh prosesinə məsuliyyətlə davranışın sərgilənməsi ən mühüm komponentlərdən biri hesab olunur. Ona görə də Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycanın irəli sürdüyü tələblər masadadır və Ermənistan onları yerinə yetirməlidir. Nə qədər tez yerinə yetirsə, bir o qədər prosesin müddətli azalar və kənar oyunçular burada özləri üçün qazanc əldə edə bilməzlər".

Həmidə İBRAHİMLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

2