Ermənistanın ərazi bütövlüyü məsələsində Fransa və İranın mövqeləri üst-üstə düşür - Səfir

 14:19 06.03.2024     272

"Ermənistanın ərazi bütövlüyü və suverenliyi məsələsində Fransa və İranın mövqeləri üst-üstə düşür".

Redaktor.az xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Olivye Dekotini “Armenpress”ə müsahibəsində Azərbaycanın Ermənistana silah verməklə regionda vəziyyəti gərginləşdirməkdə ittiham etməsinə münasibət bildirərkən deyib.

Diplomat deyib ki, ərazi bütövlüyünün qorunması problemi təkcə onun ölkəsini narahat etmir.

"Əvvəlki illərdə Ermənistanın qonşu ölkəsi İran da dəfələrlə Ermənistanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı narahatlığını ifadə edib. Bizim İranla bir çox məsələlərdə fikir ayrılığımız var, lakin bu, bizim onunla razılaşdığımız məsələdir", - Dekotini qeyd edib.

"Azərbaycanın narahatlığına gəlincə, onlar əmin ola bilərlər ki, Fransanın verdiyi vəsait, eləcə də Ermənistan-Fransa əməkdaşlığının mahiyyəti müstəsna olaraq ölkənin müdafiəsinə yönəlib. Xüsusilə, söhbət hava hücumundan müdafiə sistemlərindən gedir. Və Fransa tərəfi əvvəldən ötürülən silahların müdafiə xarakterini açıq şəkildə ifadə etdi" - səfir bildirib.

Xatırladaq ki, fevralın 23-də İrəvanda Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornunun İrəvana səfəri zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafına dair sənədlər imzalanıb.
Oxşar sazişlər 2023-cü ilin oktyabrında müdafiə naziri Suren Papikyanın Parisə səfəri zamanı da bağlanıb. Əməkdaşlıq çərçivəsində Ermənistan "Ground Master" radarları (GM200) və gecəgörmə cihazları alır. Həmçinin ötən il Fransa Ermənistana 24 "Bastion" zirehli transportyoru verib, daha 26-sı isə istehsaldadır. Paris həmçinin lazım gələrsə, müxtəlif diapazonlu hava hücumundan müdafiə sistemlərini tədarük etməyə hazır olduğunu bəyan edib. Sazişlər paketinə həmçinin erməni hərbi qulluqçularının Fransa universitetlərində yenidən hazırlanması daxildir və fransalı hərbi məsləhətçi daimi əsaslarla Ermənistanda yerləşdiriləcək.

Turan İSMAYIL