"Rusiya ilə münasibətlərimizi yüksək səviyyədə qorumalıyıq"

 16:36 07.03.2024     351

"Əslində Azərbaycanla Rusiya arasındakı münasibətlər çox yaxşıdır. Azərbaycanın öz milli maraqları var və maraqlarını başqa dövlətlərin maraqlarına qurban vermir. Vermək də istəmir. Niyə də versin? İkincisi də ki, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatlarında Rusiya Azərbaycana maneçilik törətmədi".

Bu sözləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Cümşüd Nuriyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Azərbaycana gətirən səbəbləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsində bizim uduzmağımızın əsas səbəbkarı o vaxt ki, Rusiyanın rəhbərliyi idi:

"Əgər indi bizə ayrı münasibət bəsləyirlərsə, bizim ərazi bütövlüyümüzü dəstəkləyirlərsə, nədən biz Rusiya ilə qarşıdurmaya gedək? Təbii ki, Mişustin Putinin sözçüsü kimi bura gəlib. Bölgədə Azərbaycan Cənubi Qafqazda söz sahibidir. Lider, açar dövlətdir, eyni zamanda Azərbaycan Türkiyə ilə Rusiyanın arasında bir körpüdür. Siyasi körpüdür, mədəni, digər məsələlərdə də körpü rolunu oynayır. Həm də ki, Azərbaycan Rusiya ilə bir yerdə, MDB də təmsil olunur. Amma MDB-nin yeni bir qurumu da var. Bu da Türk Dövlətləri Təşkilatıdır. Həmin təşkilat da Azərbaycanda doğulub, “pasportun”da Azərbaycan yazılıb. Azərbaycan-Rusiya münasibətləri yaxşı olmalıdır ki, bizi bölgədə təkləməsinlər. Çünki cənub qonşumuz bütün hallarda hələ də ikili standartla hərəkət edib və İranla gərginliyimiz olsa da, amma Ermənistanla bağlı bütün məsələlərdə ortaq mövqedən çıxış edirik. Bu, göz qabağanındadır.

Belə bir şəraitdə Azərbaycan şimal qonşusuna münasibətlərini mütləq möhkəmləndirməlidir ki, strateji tərəfdaşlıq səviyyəsinə qədər Azərbaycana hər hansı bir xəta toxunmasın. Düzdür, 2022-ci  ildə fevral ayının 22-də cənab prezident Putinlə 43 bəndli ikitərəfli bəyannamə imzaladı. Azərbaycan da, Rusiya da ona əməl edir. Azərbaycan Rusiya arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi, iqtisadi, siyasi və digər sahələrdə münasibətlərin qurulması məsələsi var. Bizim Rusiyada üç milyondan çox soydaşımız yaşayır və belə bir şəraitdə biz Rusiya ilə münasibətlərimizi yüksək səviyyədə qorumalıyıq. Yəni son 300 ildə bizim başımıza gələn bütün bədbəxtçiliklər şimal qonşumuz tərəfindən olub və onu gördüyümüzə görə, bildiyimizə görə də onlarla münasibətlərimizi normallaşdırmışıq. Son 300 ildə itirdiklərimizi son üç ildə müəyyən hissəsini biz geri ala bilmişik. Ona görə də bu münasibətlər belə də olmalıdır".

Həmidə İBRAHİMLİ