"Ermənistanın sərhədlərini elə rus sərhədçiləri qoruyacaq" - Deputatdan AÇIQLAMA

 15:44 07.03.2024     402

Xəbər verdiyimiz kimi, martın 6-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya sərhədçilərinin "Zvartnots" hava limanında fəaliyyətinin dayandırılması üçün Rusiya hakimiyyətinə rəsmi məktub göndərildiyini açıqlayıb.

“Ermənistan Rusiya Federasiyasına aydın mövqe ilə rəsmi məktub göndərib. Biz məlumat vermişdik ki, Ermənistan sərhəd qoşunları "Zvartnots" hava limanında xidmət etməlidir”, - Qriqoryan bildirib.

Bəs, Ermənistanın Rusiyadan bu tələbi nələrə səbəb ola bilər?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu söylədi ki, Ermənistan müstəqil dövlət deyil və müstəqil iradə nümayiş etdirə bilmir:

"Elə "Zvartnots" hava limanından rus hərbçilərinin çıxarılması ilə bağlı Ermənistan tərəfindən verilən sərt bəyanatlar elə bəyanat olaraq qalır. Məsələ ondadır ki, belə bəyanatlardan sonra Rusiya tərəfi həmin məsələ ilə bağlı Ermənistanın heç bir rəsmi qurumunun Rusiyaya müraciət etmədiyini bildirir. Belə halda görünür Ermənistan ya bu cür məsələləri Rusiya ilə müzakirə etməyə cəsarət edə bilmir, ya da bu cür bəyanatlar Ermənistan daxilində ictimai rəyi manipulyasiya etməyə hesablanıb, ya da bu cür bəyanatlarla Ermənistanın Avropa ictimai rəyinin və institutlarının diqqətini problem saydığı bu məsələyə yönəltmək istəyir. Ancaq şübhəsiz ki, təkcə "Zvartnots" hava limanında deyil, Ermənistan sərhədlərində, sərhəd məntəqələrinin Rusiya sərhədçiləri tərəfindən qorunması ilə bağlı Ermənistanın uzunmüddətli müqaviləsi var. Bu məsələ ilə bağlı da rus rəsmilərinin bildirdiyinə görə, Ermənistandan heç bir müraciət daxil olmayıbdır. Ona görə də nə vaxt ki, Ermənistan bununla bağlı rəsmi müraciət edəcəkdir, ikitərəfli müqaviləyə yenidən baxmaq məqsədini dilə gətirəcəkdir, o vaxt biz bu məsələnin ciddi olduğuna inana bilərik. Görünür, Rusiya da bu məsələlərə yalnız Ermənistanın rəsmi müraciət edəcəyi təqdirdə, rəsmi mövqe bildirə bilər və yaxud rəsmi reaksiya verə bilər".

Deputat qeyd etdi ki, artıq Ermənistan tərəfinin ən müxtəlif mövzularla bağlı qeyri-ciddi bəyanatları hamıya məlumdur.

"Rusiya tərəfinin də məsələyə münasibəti isə Rusiya XİN mətbuat xidmətinin cavablarından o tərəfə keçmir. Yəni Ermənistan doğrudan da bu məəslələri problem hesab edirsə, ciddi şəkildə bundan xilas olmağa çalışırsa, o zaman dövlətlərarası səviyyədə problem saydığı məsələlər müzakirə olunmalıdır. Amma indiki halda sırf hüquqi kontekstdə problem yoxdur. Ona görə ki, Ermənistanın sərhədlərinin qorunması ilə bağlı Rusiya Federasiyası ilə Ermənistan arasında rəsmi imzalanmış müqavilələr var və tərəflərdən heç biri bu müqavilənin pozulması ilə bağlı rəsmi məsələ qaldırmayana qədər bu müqavilə hüquqi qüvvədə olacaqdır və Ermənistanın sərhədlərini də elə rus sərhədçiləri qoruyacaqdır", - deyə H.Babaoğlu bildirdi.

Humay İSGƏNDƏRLİ