"Anklav kəndlərin yalnız 4-ü deyil, 8-i də Azərbaycana geri qaytarılacaq" - Lətif Babayev

 17:25 11.03.2024     436

Ermənistanın bu günə qədər işğal altında saxladığı, Azərbaycanın əzəli torpaqları olan anklav kəndlərin yalnız 4-ü deyil, 8-i də Azərbaycana geri qaytarılmalıdır. Azərbaycan tərəfi bu məsələ barədə mövqeyini müxtəlif vaxtlarda və müxtəlif səviyyələrdə dəfələrlə səsləndirib və bu mövqe dəyişməzdir".

Bu sözləri Redaktor.az-a açıqlamasında siyasi analitik Lətif Babayev Azərbaycanın Ermənistandan 4 eksklav olmayan kəndinin dərhal qaytarılması tələbini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan öz ərazilərini heç kimə güzəştə getmək fikrində deyil:

"Vətən müharibəsində qələbədən və 1 günlük antiterror əməliyyatından sonra artıq bu hamı tərəfindən birmənalı qəbul olunmalıdır. İkincisi, əgər Ermənistan tərəfi həqiqi xoş niyyət nümayiş etdirib 4 anklav kəndi Azərbaycana qaytaracaqsa, bu, son vaxtlar dayandırılmış sülh danışıqlarının davam etdirilməsi üçün yaxşı zəmin ola bilər. Əslində, Ermənistan tərəfi də əməkdaşlıq və inkişaf məqsədləri üçün sülhdən başqa yol olmadığını başa düşür. Üçüncüsü, ermənilər uzunmüddətli sülh istəyirlərsə, bütün anklav, zəbt edilmiş kəndlər Azərbaycana qaytarılmalıdır. Başqa alternativ yoxdur. Onlar da yaxşı bilirlər ki, həmin kəndlər Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi zamanı işğal edilib. Azərbaycanın həmin kədlərin tezliklə qaytarılmayacağı halda Ermənistanla müharibəyə başlayacağı, yaxud hansısa lokal münaqişənin baş verəcəyi haqqında deyilənlərin və yazılanların isə heç bir əsası yoxdur. Çünki Azərbaycan artıq öz ərazi bütövlüyünü və həmin ərazilərdə dövlət suverenliyini tam bərpa edib. Azərbaycan bu gün Cənubi Qafqazda əmin-amanlığın bərpa olunmasında ən maraqlı və söz sahibi olan tərəfdir. Hazırda Azərbaycanla Ermənistan arasında baş nazirlərin müavinlərinin rəhbərlik etdikləri işçi qruplar tərəfindən kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və digər məslələrlə bağlı görüşlər keçirilir, danışıqlar aparılır. Bəzi istiqamətlərdə müəyyən irəliləyiş də var. Azərbayancanın Vətən müharibəsindən az sonra sülh müqaviləsinin mətni üçün təklif etdiyi şərtlərin qəbulu bölgədə əmin-amanlığın təmin edilməsi üçün möhkəm zəmin olar və qarşı tərəf bunu nə qədər tez dəyərləndirəcəksə, öz gələcəyi üçün də o qədər əlverişli imkanlar formalaşdırmış olacaq. Çünki bu şərtlər dövlətlərin suverenliyini, ərazi bütövlüyünü, dövlət sərhədlərinin qarşılıqlı şəkildə tanınmasını və digər beynəlxalq prinsipləri nəzərdə tutur, həm də uzunmüddətli dövrdə əməkdaşlığa və inkişafa möhkəm zəmin yaradır".

Siyasi analitikin fikrincə, Ermənistanın bu gün işğal altında saxladığı kəndlərin məsələsi də bu danışıqların gedişində öz həllini tapacaq.

"Çünki qarşılıqlı maraqları ifadə edən sülh gündəliyinin davamlılığı, gələcək sülh müqavilənin uzunmüddətli olması üçün bu məsələlərin həlli vacibdir. Əlbəttə, anklavlar məsələsi sülh müqaviləsinə qədər, yaxud ondan sonra, sərhədlərin delimitasiyası və demarkasiyası çərçivəsində də həllini tapa bilər. Çünki sülh müqaviləsi çərçivə sənədidir, burada uzunmüddətli perspektivə hesablanmış ümumi məsələlər, prinsiplər müəyyənlşdirilir. Digər məslələrin həllinə, eləcə də anklavların qaytarılmasına fərqli kontekstdə baxıla bilər. Ancaq bu məsələlərdə Azərbaycanın maraqlarının təmin olunması müzakirə mövzusu ola biməz və əminik ki, olmayacaqdır. Yeri gəlmişkən, 4 anklav kəndin yaxın vaxtlarda qaytarılacağı etimalı barədə Ermənistan mətbutı da Vikipediya mətninin redaktəsi kontekstində məlumat yayıb. Əlbəttə, bu məlumatın dəqiqliyi başqa məsələdir. Həm də Ermənistanın işğal altında saxladığı, Azərbaycanın əzəli torpaqları olan anklav kəndlərin həmin məlumatda qondarma deyil, öz adları, Azərbaycan toponimləri ilə göstərilməsi ən yaxşı halda xoş niyyət kimi dəyərləndirilə bilər.

Nəhayət, anklavlar məsələsinin həllini Göyçə gölünün şərq sahilinin təhvil verilməsi, azərbaycanlıların Qərbi Azərbaycana qayıtması, yaxud Zəngəzur dəhlizin açılması ilə əlaqələndirmək cəhdləri, sadəcə, sülh prosesinə qarşı çıxan erməni siyasətçilrinin, yaxud siyasətşünaslarının əks təbliğatıdır. Bir daha deyirəm, həmin anklavlar gələcəkdə aparılacaq sülh danışıqları kontekstində gec-tez Azərbaycana qaytarılacaq və bunu Ermənistan da, bu gün onu sülh danışıqlarından yayındırmaqla uçuruma sürükləyən havadarları da yaxşı bilirlər. Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin yaradılmasında xoşməramlı addım ola biləcək anklavlar və bu cür digər məsələlərin həlli qarşılıqlı maraqlara xidmət edir və buna alternativ yoxdur. Ermənistan nəhayət, Azərbaycanla bağlı bütün iddialarına son qoymalı, öz gələcəyi üçün yeganə şans olan revanşizm xülyalarından uzaq, konstruktiv yol tutmalıdır”, - deyə Lətif Babayev bildirdi.

Həmidə İBRAHİMLİ