Bu azərbaycanlıların vətəndaşlığı ləğv edilə bilər - Deputat: "Onlar qarşı dövlətləri bizdən narazı salırlar"

 14:26 12.03.2024     482

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təklif edib ki, Rusiya - Ukrayna müharibəsində hər iki səngərdə döyüşən azərbaycanlıların vətəndaşlığı ləğv edilsin.

Bəs, həmin şəxslərin vətəndaşlarığının ləğv olunması mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Tahir Kərimli söylədi ki, Zahid Orucun həyəcanını tamamilə bölüşür:

"Həqiqətən, Azərbaycan Respublikasının ikili vətəndaşı olan bir sıra şəxslər həm Ukrayna, həm Rusiya tərəfdən savaşda iştirak edirlər. Qarşı dövlətləri də bizdən narazı salırlar. Halbuki Azərbaycan dövlətinin bu savaşda marağı yoxdur. Əksinə, məsələnin sülhlə bitməyini istəyir, yəni savaşın olmağını arzulamır. Amma hüquqi cəhətdən baxanda bu, yalnız Prezidentin səlahiyyətinə aid məsələdir. Yəni yalnız Prezident vətəndaşlıqdan məhrum edə bilər. Bunun üçün də müvafiq qanunda nəzərdə tutulan qədər müraciətlər olmalıdır. Vətəndaşlıqdan imtina ilə bağlı ya vətəndaş özü müraciət etməlidir və yaxud müəyyən orqanlar bu məsələni qaldırmalıdır ki, həmin vətəndaşların vətəndaşlığı ləğv olunsun. Zahid müəllim siyasi cəhətdən məsələni deyib. İndi hüquqi cəhətdən bunun həyata keçirilməsi prosesi müvafiq orqanların işidi. Hesab edirəm ki, həmin müvafiq orqanlar bu təklifi götür-qoy etməlidir".

Humay İSGƏNDƏRLİ