Qazaxıstanın bu mövqeyinə görə Ermənistanın arzusu yerinə yetirilmədi - Diplomatdan AÇIQLAMA

 15:57 12.03.2024     331

"Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olsa da, Azərbaycanın yaxın partnyoru və müttəfiqidir. Qazaxıstan prezidentinin Azərbaycana dövlət səfəri bunu yenidən təsdiq etdi. Tokayev özü bunu təsdiqləyərək bir neçə dəfə dedi ki, Azərbaycan - Qazaxıstan münasibətləri qardaşlıq, müttəfiqlik və partnyorluq münasibətləridir. Bu da müxtəlif bəyanatlarda və imzalanmış sənədlərdə öz əksini tapıb".

Bunu Redaktor.az-a açıqlamasında diplomat, politoloq Fikrət Sadıxov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dünən ölkəmizə səfəri zamanı səsləndirdiyi fikirləri şərh edərkən bildirdi.

"Onu da yaddan çıxarmayaq ki, Ermənistan Avrasiya İttifaqına daxil olanda çox arzulayırdı ki, qondarma "Dağlıq Qarabağ Respublikası" da ora daxil olsun. Qazaxıstan və Belarus buna qarşı çıxış etdi. Qazaxıstanın buna qarşı mövqeyi Ermənistanın atmaq istədiyi bu addımın qarşısını aldı və Ermənistanın arzusu yerinə yetirilmədi", - deyən diplomatın sözlərinə görə, o da bir reallıqdır ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində Qazaxıstanın rolu kifayət qədər böyükdür:

"Eyni zamanda Azərbaycanla da münasibətlər bundan sonra da inkişaf mərhələsindədir və bu inkişafı axırıncı səfər və imzalanmış sənədlər təsdiq edir".

Humay İSGƏNDƏRLİ