Tokayev bunu əməldə edərək tarixə düşdü - AÇIQLAMA

 18:00 12.03.2024     360

"Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri çox maraqlı məqamlarla yadda qalmaqdadır".

Bunu Redaktor.az-a Qazaxıstan prezidentinin ölkəmizə səfəri haqqında danışan Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü deputat Naqif Həmzəyev söylədi.

O bildirdi ki, səfərin birinci günündə məhdud tərkibdə görüşlər, həmçinin Ali Dövlətlərarası Şuranın birinci iclası keçirildi və bu görüşlərdə Azərbaycan və Qazaxıstan münasibətlərinin daha da inkişaf etdirilməsi əsas məqsədlərdən biri idi:

"Xüsusilə də Qazaxıstan və Azərbaycan qardaş və strateji tərəfdaşlardır. Bu iki ölkə arasında münasibətləri inkişaf etdirmək, gücləndirmək hər iki dövlətin maraqlarına birbaşa xidmət etməkdədir. Əgər biz son il yarım ərzində Prezident İlham Əliyevin Qazaxıstana dörd dəfə səfər etməsini və Qazaxıstan Prezidenti Tokayevin Azərbaycanda üç dəfə səfərdə olmasını diqqətə alsaq, bu, artıq münasibətlərin nə dərəcədə önəmli və əhəmiyyətli olduğunu göstərmiş oldu. Azərbaycanın haqq savaşında Qazaxıstan Azərbaycanın yanında oldu və biz Qazaxıstanın Azərbaycana bütün beynəlxalq platformalarda dəstək göstərməsinin də şahidi olmuşuq. Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının uğurla başa çatmasını və sülh prosesinin uğurla yekunlaşmasını istəyən tərəfdir və sülh naminə danışıqları da həmişə Qazaxıstan dövləti dəstəkləyib və bunun təşəbbüskarlarından biri kimi çıxış edib. Bununla yanaşı işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bilavasitə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə tikilibdir və bu gündən keçmiş məcbur köçkünlərin uşaqlarının təhsil alacağı bu Təhsil İncəsənət Mərkəzi düşünürəm ki, dostluğumuz və qardaşlığımızın mərkəzinə çevriləcəkdir. Bu bir daha onu göstərir ki, Qazaxıstan dövləti və Qazaxıstan prezidenti Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək, Azərbaycanla birlikdə meqa layihələr reallaşdırmaq və hər iki xalqın rifahının yaxşılaşdırılması üçün birgə səyləri sonuna qədər dəstəkləyir. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətlər, ümumilikdə bu təşkilatın və türk dövlətlərinin yaxınlaşmasına xidmət etməkdədir. Qazaxıstan da, Azərbaycan da Türk Dövlətləri Təşkilatının aparıcı dövlətlərindəndir və bu gün bütün sahələr üzrə münasibətlərin inkişaf etdirilməsində, türk dövlətlərinin bir arada problemlərin həllinə çalışmasında maraqlı olan tərəflər kimi çıxış edirlər. Xüsusilə də MDB çərçivəsində, Türk Dövlətləri Təşkilatı çərçivəsində, TÜRKPA çərçivəsində və digər beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq dövlətlərimizin mövqelərini müdafiə edirik və bacardığımız qədər çalışırıq ki, hər iki dövlətin maraqlarını ən yüksək səviyyədə müdafiə edə bilək". 

Deputat vurğuladı ki, iqtisadi münasibətlərin inkişaf etdirilməsi, Orta Dəhlizin potensialının açılması, Transxəzər layihələrinin və Xəzər üzərindən yükdaşımalarının həcminin artırılması da hər iki dövlət qarşısında duran əsas həllərdən biridir.

"Artıq biz ötən gün məhz Orta Dəhliz xətti ilə yük daşımalarının şahidi də olduq və bu o deməkdir ki, biz yaxın gələcəkdə buradan yalnız yükdaşımalarını yox, eyni zamanda enerji resurslarının da Asiya ölkələrindən, xüsusilə də Qazaxıstandan Azərbaycana, Azərbaycandan isə Avropa bazarlarına çatdırılmasını reallaşdıra biləcəyik. Hörmətli Prezident Kasım-Jomart Tokayevin Qarabağa səfər etməsi də tarixi bir hadisədir. Çünki bilirsiniz ki, Qarabağa çox az sayda başqa dövlətlərin prezidentləri səfər edibdir və Kasım-Jomart Tokayev də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini sözdə yox, eyni zamanda əməldə sübut edən və Azərbaycana sonuna qədər dəstək olan bir lider olaraq, qardaş dövlətin prezidenti olaraq tarixə keçmiş oldu. İnanırıq ki, bu münasibətlər, bu səmimi əlaqələr, cənab Prezident İlham Əliyevlə Kasım-Jomart Tokayevin dostluq münasibətləri hələ uzun illər xalqlarımız arasında, dövlətlərimiz arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatmasına gətirib çıxaracaqdır. Azərbaycan-Türkiyə münasibətləri, qardaşlıq münasibətləri, Qazaxıstan-Azərbaycan qardaşlıq münasibətləri və digər türk dövlətləri olan qardaşlıq, dostluq, strateji müttəfiqlik münasibətləri, digər dövlətlər üçün də bir nümunə olacaqdır. Ümumilikdə bu birlik, bu bərabərlik nəticə etibarilə xalqlarımızın rifahının yaxşılaşmasına, milli təhlükəsizliyimizin qorunmasına və qlobal məkanda daha güclü görsənməyimizə şərait yaradacaqdır", - deyə N.Həmzəyev bildirdi.

Humay İSGƏNDƏRLİ