"Onların binoklla Azərbaycan sərhədinə baxması qeyri-ciddi addımdır" - Aydın Mirzəzadə

 18:01 13.03.2024     315

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə Avropa İttifaqının (Aİ) missiyanın müddətinin uzadılmasını istəyir.

"Aİ ilə münasibətlərimiz çox aktivdir. Biz Aİ ilə Azərbaycanla sərhəddə mülki müşahidə missiyasının daha iki il uzadılmasını müzakirə etməyə hazırıq”, -  deyə Paşinyan ötən gün mətbuat konfransı zamanı deyib.

Paşinyanın Aİ missiyasının uzadılmasında məqsədi nədir və bu, baş tuta bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan millət vəkili Aydın Mirzəzadə söylədi ki, regionda Avropa İttifaqının müşahidə missiyasının fəaliyyət göstərməsinə heç bir əsas yoxdur:

"Onlar Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün hər hansı bir töhfə vermir. Bu, bir siyasi qərardır. Bu siyasi qərar xaricdən Ermənistanı dəstəkləyən müəyyən dairələrin atdığı bir addımdır. Ermənistanın özünü Qərbə yaxınlaşdırmaq üçün etdiyi cəhdlərdən biridir. Əslində isə onlar hər hansı bir vəzifə yerinə yetirmirlər. Düzdür, bu Ermənistanın daxili işidir və öz sərhəddində kimi yerləşdirmək məsələsini özü həll edir. Azərbaycan üçün istənilən məsələ onun suverenliyinə və təhlükəsizliyinə təhlükə yaratdıqda maraq doğurur. Bir qrup adamın Ermənistan tərəfində əlində binoklla Azərbaycan sərhədinə baxmasını qeyri-ciddi bir addım kimi qiymətləndirmək olar".

Deputat vurğuladı ki, Azərbaycan bu gün özünün ərazi bütövlüyünü təmin edib və öz daxilində separatizmin baş qaldırılmasına hər hansı bir imkan verməyəcək. 

"Biz Ermənistanı bu cür ucuz siyasi gedişlərdənsə, ciddi şəkildə Azərbaycanla münasibətləri normallaşdırmaq üçün addımlar atmağa çağırırıq. Zamanında Azərbaycan normal qonşuluq münasibəti üçün beynəlxalq hüquqa söykənən beş prinsip təklif edib, vaxtaşırı baş nazirin müavinləri görüşür, vaxtaşırı xarici işlər nazirləri görüşür. Yəni bu, onu göstərir ki, Azərbaycan tərəfdən qonşu Ermənistanla münasibətlər üçün bütün müvafiq addımlar atılıb. Eyni zamanda Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün özünün siyasi iradəsini ortaya atmalıdır. Regiondan uzaq olan bir təşkilatın müşahidə missiyasını öz ərazisində yerləşdirməklə məsələ həll edilmir və eyni zamanda onların Azərbaycana təzyiq göstərmək üçün nə hüquqları, nə imkanları var. Hesab edirik ki, Ermənistan nə qədər tez Azərbaycanla və müvafiq olaraq Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün ciddi siyasət yeritmək qərarına gələcəksə, bu onun bu günü və sabahı üçün daha faydalı bir addım olardı", - deyə A.Mirzəzadə qeyd etdi.

Humay İSGƏNDƏRLİ