Rusiya Ermənistanı bu yolla cəzalandıracaq - Siyasi analitik AÇIQLADI

 18:22 13.03.2024     425

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün mətbuat konfransında bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub və görüşlərdə iştirak etmir.

Eyni zamanda söyləyib ki, Rusiya sərhədçiləri İrəvandakı "Zvartnots" hava limanını tərk edəcək, aqustun 1-dən həmin aeroportda erməni sərhədçilər fəaliyyətə başlayacaq.

Bəs, Rusiya İrəvanın bu davranışları ilə bağlı hansı addımları ata bilər? Ermənistanın bu addımı onu hara sürükləyir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi analitik Lətif Babayev söylədi ki, baş verənlərin hamısı diplomatik və siyasi gedişlərdir:

"Ermənistanın Rusiyanın hərbi mövcudluğuna addım-addım son qoymaqda niyyətlərinin səbəbi nədir? Ermənistan tərəfi İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın qələbə çalmasında, Ermənistanın məğlubiyyətində Rusiyanı ittiham etdi. Bildirdi ki, onlara müharibə vaxtı heç bir kömək olmayıb. KTMT özünün nizamnaməsinə uyğun olaraq müharibə Ermənistan ərazisində getmədiyinə görə, heç bir halda bu müharibəyə hərbi müdaxilə edə bilməzdilər. Bütün bunlara baxmayaraq, Ermənistan tərəfi bu reallığı qəbul etmək istəmir. Rusiyanı günahlandırır ki, həmin müharibədə məğlubiyyətinin bir səbəbi onlardır. Eyni zamanda Ermənistan Avrasiya İttifaqı çərçivəsində ümumtəşkilatda da təmsil olunur. Onlar gələcəkdə bu təşkilatdan da çıxmaq niyyətlərini belə rəsmi şəkildə olmasa da bildirirlər. Ancaq buna baxmayaraq, Ermənistan həmin təşkilata rəhbərliyi edəcək. Növbəti mərhələdə rəhbərlik edəcəklərindən imtina etmirlər və bunu belə əsaslandırılır ki, Ermənistan öz öhdəliklərindən imtina etmir. Ermənistanın KTMT-dən çıxması, rus hərbçilərin hava limanından çıxması hələ Rusiyanın Ermənistanda hərbi mövcudluğunun bitməsi demək anlamına gələ bilməz".

Siyasi analitikin sözlərinə görə, bunlar hamısı Rusiya tərəfini qıcıqlandırır.

"Ruslar bunu Qərbin Ermənistana təzyiqi kimi dəyərləndirirlər. Rusiya bu məsələlərlə bağlı Ermənistanla öz arasında bağlanmış mövcud sazişləri bəhanə gətirib hansısa gələcək addımlar ata bilər. Amma atacaqmı, Ermənistanı hərbi şəkildə cəzalandırmaq niyyəti varmı? Bu gün yoxdur. Bir sıra ekspertlər belə qənaətdədir ki, Rusiya Ermənistanda ikinci Ukrayna ssenarisini reallaşdırmaq istəyir. Amma hələlik bu niyyətlər, yəni aşağı səviyyədə ifadə olunur. Cəza tədbiri o ola bilər ki, Rusiyanın Ermənistanda iqtisadi iştirakı kifayət qədər yüksəkdir, bu baxımdan Ermənistanı iqtisadi baxımdan cəzalandıra bilərlər. Konkret addımların atıldığı dövrdə isə Ermənistan kifayət qədər böyük zərbələr ala bilər", - deyə Lətif Babayev bildirdi.

Humay İSGƏNDƏRLİ