"Finlandiya sərhədlərində toqquşma zamanı nüvə silahlarına da müraciət olunacaq" - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Rusiya NATO və Avropa İttifaqının üzvü olan Finlandiya ilə sərhədə qoşun yerləşdirəcək. Bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.
Eyni zamanda Putin daha əvvəllərdən nüvə müharibəsinə hazır olduqlarını bildirib.
Maraqlıdır, bütün bu proseslər sonda nüvə müharibəsinə gətirib çıxara bilərmi?
Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq İlyas Hüseynov bildirdi ki, nüvə müharibəsi ilə bağlı vaxtaşırı müxtəlif məlumatlar paylaşılır.
Onun fikrincə, nüvə müharibəsi hazırda çıxış yolu deyil:
"Çünki nüvə müharibəsinə dair çağırış edən ekspertlər də, hərbçilər də çox yaxşı anlayırlar ki, bu, bəşəriyyət üçün böyük faciələrə gətirib çıxara bilər. Yaxud nüvə müharibəsi ilə bağlı çıxış edən şəxslər onun dağıdıcı gücündən xəbərsizdirlər. Nüvə müharibəsinin yaratdığı fəsadları da nəzərə almırlar. Yeganə atom bombasının tətbiqi İkinci Dünya müharibəsindən sonra Xirosimo və Naqasakidə həyata keçirilib. Bu gün də biz bu ərazidə dağıntıların aradan qaldırılması və həyatın həmin ərazilərə qaytarılmasının nə qədər böyük maliyyə vəsaitinə başa gəldiyini nəzərə almalıyıq. Digər tərəfdən Çernobil atom elektrik stansiyasında baş verən partlayış və bu reaktorda olan dağıdıcı gücün fəsadları hələ də qalmaqdadır. Ona görə də bu, çox riskli bir məsələdir. Eyni zamanda bu, hazırda Rusiya-Ukrayna müharibəsi fonunda çox tez-tez dilə gətirilir. Əslində, Avropa İttifaqının, NATO-nun, ABŞ-nin, ümumiyyətlə kollektiv Qərbin Rusiyadan ən çox çəkindiyi bir məsələdir. Məhz buna görə də NATO Rusiya ilə birbaşa toqquşmalardan yayınır və Ukrayna ərazisi proksi bir məkan kimi özünü göstərməkdədir. Və məhz bu səbəbdən yenicə NATO üzvlüyünə qəbul olunan Finlandiya sərhədlərində baş verən gərginlik, həm də belə fikirlərlə genişlənir ki, nüvə müharibəsinə yol aça bilər. Çünki burada birbaşa toqquşma zamanı nüvə silahlarına da müraciət olunacaq".
Ekspert qeyd etdi ki, Vladimir Putin və onun komandasında nüvə müharibəsinə hazırlıqla bağlı fikirlər həm də qabaqlayıcı preventiv əhəmiyyət daşıyır:
"Belə bir təəssürat formalaşdırmağa çalışırlar ki, əgər ilkin olaraq Rusiyaya qarşı nüvə silahından istifadə olunacaqsa, Rusiya buna hazırdır. Lakin Rusiya özü də çox yaxşı bilir ki, nüvə silahına müraciət etmək çox ağır nəticələrə gətirib çıxara bilər. Bu, ən sonda müraciət oluna bilən silah arsenalıdır. Baxmayaraq ki, bu gün Rusiyanın öz ərazisinə də Rusiya-Ukrayna müharibəsi sıçrayıb, genişlənib və bu da Rusiyanın strateji prioritetlərinə, milli maraqlarına ziddir. İstənilən halda, nüvə silahlarına müraciət çox təhlükəli presedent yarada bilər. Dünyanın digər əraziləri üçün də qorxunc nəticələr formalaşdıra bilər. Təsəvvür edin ki, İran-İsrail, Hindistan-Pakistan, Çin-Tayvan və digər ərazilər həm də nüvə arsenalına malik ölkələrdir və hətta Rusiyanın nüvə silahına müraciət etməsi, Rusiyaya qarşı nüvə silahının tətbiq olunması bu ərazilərdə də nüvə müharibəsi üçün bir başlanğıc ola bilər. Ona görə də dünyada beynəlxalq hüquqa riayət olunması, nüvə silahlarından çəkinmək və onun məhdudlaşdırılması ilə bağlı bütün beynəlxalq konvensiyalara riayət olunması ən önəmli çıxış yoludur".
Həmidə İBRAHİMLİ