"İt hürər, karvan keçər" - Deputatdan sərt REAKSİYA

 17:09 14.03.2024     346

Xəbər verdyimiz kimi, Avropa Parlamenti ötən gün qəbul etdiyi qətnamə ilə Azərbaycana qarşı olan açıq qərəzini növbəti dəfə nümayiş etdirib. Qətnamədən bu qurumun tam şəkildə erməni lobbisinin, Azərbaycanofob, islamofob qüvvələrin qanuni təmsilçisinə çevrildiyi görünür.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı söylədi ki, bu, Avropa Parlamentinin Azərbaycana qarşı bitib-tükənməyən qərəzli və böhtan kampaniyasının növbəti ifadəsidir.

"Bu "xristian klubu" birmənalı olaraq islamfobiyanın və antitürkizmin, anti-Azərbaycan mövqeyinin içərisində yer alıb. Heç bir əsas olmadan Azərbaycana qarşı bu cür hədyanları yağdırmaqdadır. Əslində niyyət Ermənistanın mövqeyini gücləndirmək, Ermənistanda revanşizmi daha da stimullaşdırmaq və sülh sazişinin bağlanmasına mane olmaqdır. Nəticə etibarilə Cənubi Qafqaza gəlmək və öz mövqelərini burada yaradıb, möhkəmlənmək istəyirlər. Burada Fransanın da xüsusi əli var, bu proseslərdə kifayət qədər ciddi rolu var. Ataların bir misalı var: İt hürər, karvan keçər. Uzun illərdən bəri Azərbaycana qarşı yönəldilmiş bu böhtan dolu qətnamələrin heç biri Azərbaycanı öz yolundan döndərməyib və bundan sonra da döndərmək gücündə deyil", - deyə millət vəkili vurğuladı.

Humay İSGƏNDƏRLİ