"İlham Əliyevin çıxışında üç mesaj var" - AÇIQLAMA

 18:04 14.03.2024     453

Bildiyimiz kimi, bu gün “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb.

Forum zamanı çıxış edən Prezident İlham Əliyev bildirib ki, indi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq:

“Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”.

Ölkə başçısının bu çıxışı haqqında Redaktor.az-a danışan siyasi ekspert Samir Hümbətov söylədi ki, İlham Əliyev Ermənistanla bu günə qədər heç vaxt olmadığı qədər sülhə yaxın olduğumuzu deyirsə, deməli, bu məsələdə 90-95 faiz razılaşma var:

"Artıq sülh müqaviləsinin detalları razılaşdırılıb. Amma sülh müqaviləsinin detalları Ermənistan tərəfindən axıra qədər icra olunacaqmı? Bu, müəmmalı görünən məsələdir, amma hər halda, əgər prezident bunu deyirsə, deməli, bu məsələdən xəbərdadır və Ermənistan da razılaşmaya əməl edəcəyini üzərinə götürüb. Nəzərə almaq lazımdır ki, bir müddət öncə Nikol Paşinyan konstitusiyada dəyişikliyin edilməsi ilə bağlı məsələni gündəmə gətirdi. Eyni zamanda Azərbaycan Prezidenti də bildirdi ki, onların bəzi qanunlarında dəyişiklik olmalıdır. Bu, o deməkdir ki, Ermənistan razılaşmanın icra ediləcəyini üzərinə bir öhdəlik kimi götürməyi planlaşdırır və yaxud da öhdəlik götürəcəyini artıq qəbul edib və qəbul olunduğu üçün artıq tərəflər arasında şifahi olaraq bu sülh müqaviləsinə dair razılaşma var. Düşünürəm ki, ölkə başçısının bu çıxışında üç mesaj var. Birincisi, Azərbaycan ictimaiyyətinə verilən mesajdır ki, artıq bizim aramızda razılaşma var. İkincisi, Ermənistan ictimaiyyətinə verilən eyni mesajdır. Son olaraq isə beynəlxalq birliyə verilən mesajdır ki, biz artıq razılaşmaya gəlirik, amma bu şərtlə ki, beynəlxalq birlik bura müdaxilə etməsin, başabaş öz aramızdakı münaqişəni, mübahisəni həll etməyimizə şərait yaratsınlar. Əgər bu olacaqsa, o zaman, artıq yekun nəticə əldə etmək mümkün olacaq. Mən düşünürəm ki, Azərbaycan Prezidentinin söylədiyi fikirlərin arxasında məhz bu amillər dayanır".

Humay İSGƏNDƏRLİ