"Ermənistanla sülh müqaviləsi üçün tarixi bir məqama gəlib çatmışıq"

 14:15 15.03.2024     419

"İlham Əliyev Azərbaycanın hər zaman sülhlə bağlı olan dəqiq və aydın mövqelərini ifadə edib. Azərbaycan həmişə Ermənistanla bölgədə sülhün olmağında maraqlı tərəf qismində iştirak edib".

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov Prezident İlham Əliyevin "İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq" fikrini şərh edərkən deyib.

O qeyd etdi ki, Azərbaycan heç bir zaman Ermənistanla müharibənin tərəfdarı olmayıb.

"Hətta torpaqlarımızın işğal altında olduğu 30 il müddətində də Azərbaycan savaşı deyil, həmişə sülhü prioritet vəzifə kimi müəyyənləşdirib və 30 illik işğaldan sonrakı dövrdə 44 günlük Vətən müharibəsində qazandığımız qələbə və keçən ilin sentyabr ayında keçirdiyimiz antiterror əməliyyatlarına qədər də biz Ermənistana dəfələrlə sülhlə bağlı çağırışlar etmişik. İşğal altında saxladıqları torpaqlarda müharibə olmadan çəkilmələrini təklif etmişik. Amma gördük ki, Ermənistan daim Azərbaycanın sülhpərvər və müharibəsiz əlaqələr çağırışlarına adekvat reaksiya verməmişdir və nəticədə biz müharibəyə gedərək torpaqlarımızı işğaldan azad etmişik", - deyə o qeyd etdi.

T.İsmayılov əlavə etdi ki, indi Azərbaycan Ermənistana bölgədə qalib tərəf kimi şərtlər diktə edir və Azərbaycanın diktə etdiyi bütün şərtlər toplusu nəticədə sülhə gəlib çıxır:

"Biz Ermənistanla sülh müqaviləsi üçün həqiqətən də tarixi bir məqama gəlib çatmışıq. Özəlliklə bu gün Ermənistan hakimiyyəti Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayırsa, praktiki olaraq da bu addımları atmalı, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd etməklə kifayətlənməyib, Qazaxın kəndlərini, Naxçıvanın Kərki kəndini Azərbaycana təhvil verməli və sülhlə bağlı həqiqətən də prioritet hədəflərə istiqamətlənən ciddi və real addımlar atmalıdır. Bu baxımdan hesab edirəm ki, Ermənistan bütün təxribatlardan əl çəksə, sülh müqaviləsinin imzalanması da yaxın ola bilər".

Həmidə İBRAHİMLİ