"Mədəniyyət yaradan xalq başqa xalqın yaratdığı mədəniyyətə xor baxmaz"

 14:49 15.03.2024     330

Ötənn gün “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxış edən Prezident İlham Əliyev Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm haqqında danışıb.

"Bir neçə ay sərf etməli olduq ki, həmin abidəni Eviandan götürüb Azərbaycanın Mədəniyyət Mərkəzinin həyətinə gətirib orada yerləşdirək. Hazırda Natəvanın abidəsi oradadır. Bu, əslində, onu göstərir ki, biz suverenliyimizi bərpa etdikdən sonra nə ilə üzləşmişik. Bu, əslində, ikili standartların nümayişidir", - deyə dövlət başçısı qeyd edib.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputat Hikmət Babaoğlu söylədi ki, mədəniyyət yaradan xalq başqa xalqın yaratdığı mədəniyyətə xor baxmaz.

"Çox təəssüf ki, bugünkü Makron Fransası, Azərbaycan xalqının yetişdirdiyi Fransa-Azərbaycan münasibətlərinin vaxtilə formalaşmasında xidmətləri olan bir qadın şairənin heykəlinə qarşı Fransada vandalizm aktı törədildi. 11-ci Qlobal Bakı Forumunda Azərbaycan Prezidenti bir daha bu məsələyə toxunaraq, bu cür aktların törədilməsinin dövlətlərarası münasibətlərə, qlobal dəyərlərə, universal dəyərlərə zidd olması ilə bağlı fikirlər səsləndirdi. Doğrudan da, bu gün Qlobal Bakı Forumunda əgər parçalanan dünyanın birləşməsi məsələsi müzakirə olunurdusa, bu birləşmə məhz mədəniyyət, məhz ortaq dəyərlər üzərindən birləşmə olacaqdır. Dünyanı parçalanmağa gətirən siyasət də məhz başqasını xor görmək, başqasının haqqını tanımamaq, ədaləti pozmaqla həyata keçirilən fəaliyyət olubdur. Amma bu gün bəşəriyyət yenidən geriyə qayıtmalıdır. Çünki dəyərlər məhz insanları birləşdirir, dəyərlər dövlətlərarası münasibətləri tənzimləyir, dəyər yaradanlara qarşı törədilən vandalizm isə dövlətlərarası münasibətlərə mənfi təsir göstərir, dünyanı da parçalayır. Bu mənada mən düşünürəm ki, bir daha 70-dən çox ölkənin keçmiş dövlət və hökumət başçılarının, nümayəndələrinin iştirakı ilə keçirilən forumda Azərbaycan xalqına dəyər yaradan, ümumbəşəri dəyər yaradan nümayəndəsinə qarşı törədilmiş vandalizm aktının onların diqqətinə çatdırılması, əslində Fransada hökm sürən islamofobiyanın bir daha beynəlxalq gündəmə gətirilməsi idi", - deyə deputat vurğuladı.

Humay İSGƏNDƏRLİ