"NATO ilə əlaqələrimizi gücləndirməliyik, çünki..." - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, martın 17-də NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycana səfərə gəlib. O, Prezident İlham Əliyevlə təkbətək görüşüb və daha sonra mətbuata birgə bəyanatla çıxış ediblər.
Stoltenberq bu gün müdafiə naziri Zakir Həsənovla da görüşərək müzakirələr aparıb.
Qeyd edək ki, bu, NATO baş katibinin ölkəmizə ilk rəsmi səfəridir.
Stoltenberqin bu səfəri NATO-Azərbaycan əməkdaşlığının inkişafına necə təsir göstərəcək?
Milli Məclisin deputatı Ceyhun Məmmədov Redaktor.az-a bildirdi ki, NATO-nun baş katibinin ölkəmizə səfəri xüsusi önəm daşıyır. O hesab edir ki, bu həm də, Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir:
Eyni zamanda hazırda Azərbaycan Qərbin enerji təhlükəsizliyində çox mühüm rol oynayan bir dövlətə çevrilib. Səfər Azərbaycan-NATO əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan öz ordusunu NATO standartlarına uyğun qurur. Düzdür, Azərbaycanın hələ ki, NATO-ya üzv olmaq fikri yoxdur. Ancaq biz bu standartları öz ordumuzda tətbiq etdik. Bu səfərdə məqsəd Azərbaycanla əlaqələrin gücləndirilməsidir. Əslində, Azərbaycan - NATO əlaqələri uzun illərdir sürətlə inkişaf edir. Azərbaycan Əfqanıstanda, Kosovoda sülhməramlı missiyanın tərkibində dəfələrlə iştirak edib. Qeyd etdiyimiz kimi, Azərbaycanın Qərbin enerji təhlükəsizliyində oynadığı rol da NATO tərəfindən yüksək formada qiymətləndirilib. Görüşdə cənab prezident çox mühüm məsələlərə toxundu. Ermənistanla Azərbaycanın heç zaman olmadığı qədər sülhə yaxın olmasını qeyd etdi. Hesab edirəm ki, Stoltenberqin də verdiyi açıqlamalar Azərbaycanın mövqeyinin və yaratdığı reallığın bir daha qəbul olunduğunu göstərir. Azərbaycanın qələbəsinin möhkəmləndirilməsi baxımından bu səfər önəmlidir. Bütün hallarda biz NATO ilə əlaqələrimizi gücləndirməliyik. Çünki bu, Azərbaycanın həm də hazırda götürdüyü istiqamətə uyğun bir yanaşmadır və növbəti illərdə biz bu əlaqələrin daha da inkişaf etdiyinin şahidi olacağıq. Azərbaycanın Qərbin enerji təhlükəsizliyində oynadığı rol daha da artacaq və möhkəmlənəcək".
Millət vəkili Musa Qasımlı isə qeyd etdi ki, NATO baş katibi Stoltenberqin Azərbaycana səfəri ölkəmizin region və dünya siyasətində oynadığı rolun artması, mövqelərinin möhkəmlənməsi ilə bağlıdır:
"Verilən bəyanatlar da göstərdi ki, Azərbaycan Avropa üçün çox mühüm tərəfdaş, vazkeçilməz ölkədir. Azərbaycansız Cənubi Qafqazda heç bir problemin həlli mümkün deyildir. Ölkələr və xalqlar arasında sülhün və əməkdaşlığın qurulmasında Azərbaycan önəmli ölkədir. Bu səfər göstərdi ki, Azərbaycanın bundan sonra da mövqeləri daha da möhkəmlənəcək, nüfuzu artacaq".
Həmidə İBRAHİMLİ
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.