"Azərbaycanın müstəqil siyasəti Qərb dövlətləri tərəfindən həzm edilmir" - Deputat
"Bu gün ən aktual sahə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahələridir".
Bunu Redaktor.az-a informasiya təhlükəsizliyi haqqında parlamentdə təklif irəli sürən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu söylədi.
Millət vəkili qeyd etdi ki, hər bir dövlət özünün milli təhlükəsizliyini təmin edən zaman informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsinə xüsusi diqqət yetirir:
"İnformasiya əsrində yaşayırıq, həm də ayrı-ayrı ölkələr məhz informasiya resursları üzərindən də özlərinin neokolonializm siyasətini həyata keçirməyə çalışırlar. Dövlətlərin informasiya resurslarını ələ keçirib və yaxud da onlara nəzarət imkanları əldə edərək idarə etmək yolu ilə dövlətlərin təhlükəsizliyinə çox ciddi təhdid yaradırlar. Xüsusilə də bu, Azərbaycan kimi tam müstəqil, öz milli maraqları çərçivəsində siyasət yürüdən suveren dövlətlər üçün əhəmiyyət kəsb edir. Çünki biz görürük ki, ölkəmizə davamlı siyasi hücumlar həyata keçirilir. Azərbaycanın müstəqil siyasəti Qərb dövlətləri tərəfindən həzm edilmir. Ona görə də onlar təbii ki, informasiya müstəvisində də ölkəmizə hücumlar təşkil etməkdədirlər. Bu baxımdan görülmüş işlərin haqqında məlumatın verilməsi, hesab edirəm ki, əhəmiyyətli olardı".
E.Mirbəşiroğlu qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən 2023-cü il avqustun 28-də Azərbaycan Respublikasında informasiya təhlükəsizliyi və kiber təhlükəsizliyə dair strategiya təsdiq edilib.
"O strategiyaya uyğun da addımlar atılmaqdadır. İnformasiya təhlükəsizliyinin, kibertəhlükəsizliyinin təmin olunması istiqamətində ölkəmiz kifayət qədər uğurlu, yüksək nəticəyə yönəlik hesablanmış addımlar atmaqdadır. Bu məqamların da nəzərə alınması, hesab edirəm ki, çox yaxşı olardı. Ümumiyyətlə, hökumətin hesabatı bir daha nümayiş etdirdi ki, ölkəmizdə bütün istiqamətlərdə həyata keçirilən fəaliyyətin çox böyük uğurları var və atılan addımlar çox effektivdir", - deyə o əlavə etdi.
Humay İSGƏNDƏRLİ