"Azərbaycan üçün yaşıl enerji məsələsi növbəti dövr üçün prioritet məsələdir" - Politoloq

 17:01 18.03.2024     1092

"Yaşıl enerji layihəsi dünyada az işlənən, mexanizmləri çox az qurulan bir layihədir. Azərbaycan bu layihə ilə bağlı artıq tədbirləri həyata keçirməyə başlayıb. 2022-ci il dekabrın 17-də bu layihənin icrası ilə bağlı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında dördlü bir anlaşma imzalandı".

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri zamanı yaşıl enerji layihəsi ilə bağlı çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan yaşıl enerji layihəsini həm Xəzər dənizində qurulacaq külək stansiyaları, həm də günəş panelləri vasitəsilə həyata keçirəcək.

"İşğaldan azad edilmiş ərazilərimizdə də bu layihə həyata keçiriləcək. Ortalama götürəndə Azərbaycanın potensialı bu gün dünya üçün çox əhəmiyyətli bir dərəcədə görsənir. Yəni bunu etmək mümkündür. Yaşıl enerji layihəsinin də iştirakçılarından biri Gürcüstandır. Ona görə də hesab edirəm ki, Azərbaycan prezidentinin bu məsələyə toxunması və yaşıl enerjidən danışması təsadüfi deyil. Azərbaycan prezidentinin Gürcüstanın baş naziri bu məsələni müzakirə edib, daha sonra isə mətbuata birgə açıqlama verməsi ondan xəbər verir ki, Azərbaycan üçün yaşıl enerji məsələsi növbəti dövr üçün prioritet məsələ sayılır. Yəni postneft, postqaz dövrünə keçid kimi də dəyərləndirilə bilər. Baxmayaraq ki, özümüz bu gün nefti az satırıq", - deyə S.Hümbətov qeyd etdi.

Həmidə İBRAHİMLİ