NATO-nun baş katibi Cənibi Qafqaz ölkələrinə niyə gəlib? - SƏBƏB

 16:57 19.03.2024     631

Xəbər verdiyimiz kimi, NATO-nun baş katibi Yens Stoltenberq ilk dəfə Azərbaycanda rəsmi səfərdə olub. Azərbaycandan sonra isə Gürcüstana səfəri baş tutub. Eyni zamanda Stoltenberq bu gün Ermənistana səfər edib.

Stoltenberqin Cənubi Qafqaz ölkələrinə səfəri haqqında Redaktor.az-a danışan politoloq İlyas Hüseynov söylədi ki, bu səfər çox həssas bir dövrə təsadüf edir:

"NATO-nun Ukrayna ərazisində Rusiyaya qarşı qarşıdurması getdikcə genişlənir və belə olan halda Cənubi Qafqaz da NATO-nun xüsusi maraqlarının olduğu bölgəyə çevrilməkdədir. Bu xüsusda qeyd edək ki, səfərin ilk ölkəsi Azərbaycan idi. Daha sonra Gürcüstana, ardınca Ermənistana səfər edib. Bütün bunlar onu deməyə əsas verir ki, Cənubi Qafqazda gedən proseslər həm də NATO üçün əhəmiyyətlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərqərar etmişdir. Bizim üçün sülhün, təhlükəsizliyin qorunması müstəsna əhəmiyyətə malikdir. Lakin Azərbaycan NATO üzvlüyünə qəbul olunmaq haqqında qəti fikirlər söyləməyib. Ermənistan və Gürcüstanda isə vəziyyət fərqlidir. Gürcüstan uzun müddətdir ki, bu alyansın üzvü olmaq məqsədlərini qoyur. Ermənistan isə Rusiyanı ölkədən çıxartmaq, 102-ci bazanı ölkədən çıxartmaq və əvəzində digər güc mərkəzlərinin regiona dəvət etmək məqsədlərini irəli sürür. Buna görə də Stoltenberq regiondakı hazırkı vəziyyəti dəqiq öyrənmək üçün bu səfəri reallaşdırır. Eyni zamanda qeyd etmək lazımdır ki, Stoltenberqin Qafqaz səfəri həm də Rusiya-Ukrayna, eləcə də Yaxın Şərqdə gedən müharibə fonunda maraq kəsb etməkdədir. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi fonunda NATO Skandinaviya ölkələri istiqamətində genişləndi. İsveç və Finlandiyanın NATO-nun tamhüquqlu üzvlüyünə qəbul olunması da göstərir ki, NATO öz məqsədlərini reallaşdırmaqda prinsipialdır, eyni zamanda digər əraziləri də öz maraq və təsir dairəsinə salmaq üçün cəhdlər etməkdədir".

Humay İSGƏNDƏRLİ