"Olmayan bir şey haqqında yanlış məlumat vermək, heç bir etikaya uyğun deyil" - Qulu Məhərrəmli

 15:19 27.03.2024     336

Xəbər verdiyimiz kimi, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar qərəzli bəyanatla çıxış edib. O, Azərbaycan mətbuatında Ermənistana qarşı xəbərdarlığı “qəbuledilməz” adlandırıb.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Əməkdar jurnalist, televiziya tənqidçisi, professor Qulu Məhərrəmlinin sözlərinə görə, Azərbaycan mətbuatında heç vaxt Ermənistana qarşı nə qəzəb, nə ultimatum, nə müharibə, yəni xoşgörüdən başqa bir şey yoxdur.

"Biz əksinə, Azərbaycan xalqı olaraq Ermənistanın düşdüyü ağır vəziyyəti anlayırıq. Orada gedən prosesləri izləyirik və çox arzulayırıq ki, tezliklə bu iki müstəqil dövlət arasında sülh müqaviləsi imzalansın və bununla da məsələlər tədricən həll olunsun, kommunikasiyalar açılsın, təmaslar artsın, gediş-gəliş olsun, yükdaşımalar başlasın. Bax, bunu istəyirik. Olmayan bir şey haqqında bu cür yanlış məlumat vermək, hesab edirəm ki, heç bir etikaya, heç bir siyasi diplomatiyaya uyğun deyil. Mənə elə gəlir ki, Azərbaycan tərəfi xarici işlər naziri və digər qeyri-hökumət təşkilatları vasitəsilə də öz etirazını bildirməlidir", - deyə o qeyd etdi.

Həmidə İBRAHİMLİ