"Erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilib" - Sahibə Qafarova

 12:31 29.03.2024     227

"Bildiyiniz kimi, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti martın 22-dən 26-dək İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olub. Səfərdə məqsəd Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Üçüncü Konfransında və Asiya Parlament Assambleyasının koordinasiya iclasında iştirak etmək idi. Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında "Parlament diplomatiyası: sülh və qarşılıqlı anlaşma üçün körpülərin salınması" mövzusunda müzakirələr aparıldı".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 2024-cü il 29 mart tarixli plenar iclasında çıxışı zamanı deyib.

"Öz çıxışımda mən beynəlxalq qaydalara əməl olunmaması, ikili standartların və müəyyən dövlətlərin maraqlarının üstünlük təşkil etməsi nəticəsində dünyanın daha parçalanmış və təhlükəli hala gəldiyini qeyd etdim. Parlament diplomatiyasının artan əhəmiyyətindən danışdım, sülh və qarşılıqlı anlaşma yaradılmasında parlamentlərin rolu barədə fikirlərimi bölüşdüm. Bildirdim ki, xalqın nümayəndələri olaraq parlamentlər etimad, təhlükəsizlik və sülh şəraitində dinc birgəyaşayış məsələlərinin həllinə mühüm töhfələr verə bilərlər", - deyə spiker bildirib.

Sədr qeyd edib ki, hazırda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə və Asiya Parlament Assambleyasına Azərbaycan Milli Məclisinin sədri rəhbərlik edir:

"Cenevrədə mənim sədrliyimlə bu iki təşkilatın iri miqyaslı tədbirləri keçirildi. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Üçüncü Konfransında üzv parlamentlər, habelə beynəlxalq təşkilatların  56 nümayəndə heyəti iştirak etdi. Toplantıda söylədiyim giriş nitqində mən Qoşulmama Hərəkatına ölkəmizin sədrliyi dövründə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və Qadınlar Platformasının yaradılması istiqamətində atılan addımların Hərəkatın institusional inkişafı üçün əhəmiyyətini qeyd etdim.

Eyni zamanda, Hərəkatın Parlament Şəbəkəsinin fəaliyyətinin gücləndirilməsi və institusional potensialının artırılması,  digər parlamentlərarası təşkilatlar ilə dialoq və əməkdaşlığının inkişafı üçün görülən işlər barədə də məlumat verdim.

Konfransda “İqlim dəyişikliyi ilə mübarizədə parlament fəaliyyətinin canlandırılması” mövzusu ətrafında müzakirələr aparıldı.  

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yanında beynəlxalq təşkilatlara müşahidəçi statusunun verilməsi haqqında qərarlar qəbul olundu, tədbirin yekunlarına dair Cenevrə Bəyannaməsi qəbul edildi.

Qeyd edim ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu da imzalandı".

Sahibə Qafarova həmçinin məlumat verdi ki, Asiya Parlament Assambleyasının koordinasiya iclası Parlamentlərarası İttifaq çərçivəsində Azərbaycanın sədrliyi ilə keçirilən Assambleyanın ilk koordinasiya iclası oldu.

"Çıxışımda bildirdim ki, parlamentlərarası təşkilatların fəaliyyətinin genişlənməsinə yönələn qlobal tendensiyalar, parlamentlərin ikitərəfli və çoxtərəfli əməkdaşlığını tənzimləyən normativ hüquqi bazanın inkişafı, qlobal qərarların qəbulu proseslərində parlamentlərin daim artan iştirakı parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini göstərir.

Bu baxımdan Asiya Parlament Assambleyasının roluna diqqət cəlb etdim. Qeyd etdim ki, təşkilat Asiyada və dünyada əməkdaşlığın, sülh və sabitliyin möhkəmlənməsinə nail olmaq üçün cari məsələlərin və çağırışların həlli üçün ümumi səyləri birləşdirən parlament diplomatiyasının mühüm platformasıdır.

Asiya Parlament Assambleyası ilə Parlamentlərarası İttifaqın ümumi məqsədlər naminə fəaliyyətini və səylərini əlaqələndirməyin zəruriliyini də vurğuladım.

Hər üç toplantıda bu ilin noyabrında Bakı şəhərində keçiriləcək COP29 konfransına hazırlıq işlərindən danışdım. Bildirdim ki, ölkəmizdə 2024-cü il “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” kimi qeyd olunur.

Bu gün Azərbaycanın çox ciddi yaşıl enerjiyə keçid gündəliyi mövcuddur və ölkəmizdə bərpa olunan enerjinin həm istehsalına, həm də ixracına böyük investisiyalar qoyulur. İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərini təşviq etmək və hədəflərimizə çatmaq üçün bütün tərəflərin iştirakının vacibliyini bildirdim" - deyən spikerin sözlərinə görə, Cenevrədə bir sıra ikitərəfli görüşlər də keçirildi:

"ICESCO-nun Baş direktoru, Serbiya, Əlcəzair, Qayana, Syerra-Leone, Qazaxıstan, Özbəkistan, Kot-Divuar parlamentlərinin sədrləri ilə görüşlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif aspektləri nəzərdən keçirildi. Qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində fikir mübadiləsi aparıldı.

Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü də baş tutdu. Aparılmış müzakirələr zamanı Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları şəraitində iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi ilə bağlı məsələlər nəzərdən keçirildi.

Hesab edirəm ki, Cenevrə şəhərinə işgüzar səfər uğurlu keçdi və bununla əlaqədar Milli Məclisin nümayəndə heyətinin hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm".

Sədr deyib ki, iki gündən sonra ölkəmizdə Azərbaycanlıların soyqırımı günü qeyd ediləcəkdir:

"Xalqımız erməni şovinistlərinin vəhşiliyinin qurbanı olmuş on minlərcə günahsız insanın xatirəsini daim ehtiramla yad edir.

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində əldə etdiyi tarixi qələbələr, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi son iki yüz ilə yaxın dövrdə məruz qaldığımız torpaq itkiləri, etnik təmizləmələr və soyqırımları silsiləsinə son qoymuşdur. Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilmişdir. Bütün bunlar xalqımıza qarşı yeni soyqırımı cinayətlərinin baş verməməsinə ən yaxşı təminatdır".

Humay İSGƏNDƏRLİ