"Ermənistan İkinci Ukrayna aqibəti yaşaya bilər" - Vahid Əhmədov

 14:20 29.03.2024     367

"Ötən həftə Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş dəhşətli terror aktı bütün dünyanı dərindən sarsıtdı. Baş verən hücum nəticəsində 130- dan artıq insan həlak oldu, 180-dən  artıq insan  yaralandı. Bu dəhşətli faciə Rusiya tarixində baş verən ən böyük terror aktlarından biri kimi qeydə alındı".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, baş verən bu hadisə terrorun çirkin xislətini göstərməklə yanaşı, milli  və  regional  təhlükəsizlik  məsələlərinin önəmini bir daha ortaya qoydu:

"Dövlətin milli təhlükəsizliyinin səviyyəsi onun suverenliyinin qarantıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşdırılan təhlükəsizlik sistemi Azərbaycana yönəldilən təxribat  xarakterli əməllərin  qarşısını hər zaman  vaxtında  almaqdadır. Dövlət Təhlükəsizliyi Xidməti  (DTX) və  Xarici  Kəşfiyyat Xidmətinin əməkdaşları  çox yüksək  peşəkarlıq nümunəsi göstərərək  milli  təhlükəsizliyin təmin olunmasında həlledici rol oynayırlar. Biz bunun İkinci Qarabağ müharibəsi, eləcə  də  postmüharibə dövründə bir daha şahidi olduq. Təsadüfi deyil  ki, DTX-nin və hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı nəticəsində qeyd olunan dövrlər ərzində ölkəmizdə bir dəfə də olsun terror aktı baş vermədi. Moskvada baş verən dəhşətli terror hücumundan sonra, ölkəmizdə  sabitliyi pozmaq  istəyən qüvvələr  də aktivlik  göstərməyə başladı. Lənkəranın rayon İcra Hakimiyyətinin başçısına, eləcə də  Azərbaycanın bəzi rayonlarında  fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd  həyata keçirməyi  hədəfləyən dəstə DTX-nin operativ tədbirləri sayəsində vaxtında zərərsizləşdirildi".

Millət vəkili bildirib ki, tarixən qonşu Ermənistan tərəfindən vaxtaşırı terror  hücumlarına məruz qalan  Azərbaycan  regional təhlükəsizlik məsələsinə də çox həssaslıqla yanaşır.

"Qarabağda keçirilən antiterror əməliyyatları zamanı 24 saatdan az müddət ərzində öz suverenliyini bərpa edən Azərbaycan, erməni terrorçularını qısa müddətdə diz çökdürdü. Keçirilən  əməliyyatlar  lokal  xarakterli  olmasına  baxmayaraq, regional təhlükəsizliyin təmin olunması  baxımından mühüm önəmə malik idi.  Suverenliyimizin bərpa olunmasından və antiterror  əməliyyatlarından xeyli zaman keçməsinə baxmayaraq, Ermənistan hələ də, Azərbaycanla sülh müqaviləsi imzalamaqdan boyun qaçıraraq, regionu  qarışdırmaq  cəhdlərinə  davam edir. Aprelin  5-də Ermənistan Baş naziri Nikol Paşinyanın Brüsseldə Avropa Komissiyasının  prezidenti Fon  der Lyayen və ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü nəzərdə tutulub. Görüşdə, Avropa İttifaqı və ABŞ-nin  Ermənistana təhlükəsizlik zəmanəti vermək üçün pakt imzalacağı ehtimal olunsa da, mövcud geosiyasi  reallığı  reallığı nəzərə alarsaq, bu real görünmür. Ermənistanın bu düşünülməmiş addımı  onun İkinci Ukrayna aqibəti  yaşamasına gətirib çıxara bilər. Hesab edirəm ki, region dövlətləri mövcud geosiyasi  vəziyyəti  düzgün  analiz  edərək regiondakı sabitliyi poza biləcək hər hansı bir addımın vaxtında qarşısını almalı və bunun üçün konkret  addımlar atmalıdır. Ermənistan anlamalıdır ki, regiondan kənar qüvvələr Cənubi Qafqaza sülh  və sabitlik  gətirə  bilməz",- deyə Vahid Əhmədov vurğulayıb.

Humay İSGƏNDƏRLİ