ABŞ-dən Ermənistanın sərhəddə qoşun toplaması xəbərinə REAKSİYA

 23:39 01.04.2024     414

Azərbaycan və Ermənistan hakimiyyəti iki ölkə arasında sərhəddə gərginliyi artırmaqdan, eləcə də regiondakı vəziyyətlə bağlı sərt bəyanatlar verməkdən çəkinməlidir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə deyib.

Ondan Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan hərbçiləri tərəfindən iki ölkə sərhədində artilleriya sistemləri və digər ağır silah növlərinin yerləşdirilməsi faktlarını qeydə alan bəyanatına münasibət bildirilməsi xahiş olunub. “Qeyd etmək istərdim ki, Aİ-nin monitorinq missiyası dünən (31 mart - red.) bəyan edib ki, Ermənistan-Azərbaycan sərhədində sakitlikdir, bu bəyanatlara baxmayaraq, qoşunların və ya artilleriyanın qeyri-adi hərəkəti müşahidə olunmur. Biz sərhəddə ritorikanın və düşmənçiliyin artmasına qarşı xəbərdarlıq edirik və xəbərdarlıq edəcəyik. Biz bütün insanların hüquqlarına hörmət edilən regionda ədalətli və ləyaqətli sülh üçün şəraitin yaradılmasına çağırmaqda davam edirik. Və siz bu kürsüdən məndən eşitdiyiniz kimi, bir çox hallarda davamlı sülhə nail olmağın yeganə yolu danışıqlardan keçir”, - diplomat vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqton “həm Ermənistana, həm də Azərbaycana eskalasiyanın heç kimin maraqlarına cavab vermədiyini başa salmağa davam edəcək”.

Millerdən aprelin 5-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenin birgə görüşünün planlaşdırıldığı barədə xəbərlərə münasibət bildirmək istənilib.

“Düşünürəm ki, bu görüşdə biz Ermənistandakı islahatları, onun demokratiyasını, iqtisadiyyatını və davamlılığını bir daha xatırlayacağıq. Sülh prosesi bu görüşün əsas mövzusu deyil. Bu, iqtisadiyyatın diversifikasiyası, humanitar yardım, qaçqınlara dəstək və demokratiya və qanunun aliliyi kimi sahələrdə siyasi islahatlara dəstək məsələlərini müzakirə etmək üçün ABŞ və Aİ və Ermənistan arasında görüşdür", - Amerika xarici siyasət idarəsinin rəsmi nümayəndəsi bildirib.

Martın 31-də Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfini sərhədə qoşun toplamaqda ittiham edib. Müdafiə Nazirliyinin məlumatına görə, şərti Ermənistan-Azərbaycan dövlət sərhədinin müxtəlif istiqamətlərində zirehli texnika, artilleriya qurğuları, eləcə də digər ağır atıcı silahlar cəmləşib. 

Turan İSMAYIL