"İqtidara etiraz edən mühafizəkar kəsim CHP-yə səs verdi" - Fazil Mustafa

 13:38 02.04.2024     284

Bildiyimiz kimi, martın 31-də Türkiyədə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) qalib gəlib.

Belə ki, CHP 35, hakim Ədalət və İnkişaf Partiyası (AKP) 24, DEM Partiyası 10, Milliyyətçi Hərəkat Partiyası (MHP) 8, Yenidən Refah Partiyası (YRP) 2, Böyük Birlik Partiyası (BBP) 1, İYİ Partiyası isə 1 şəhərdə bələdiyyə sədrliyi qazanıb.

Bəs, AKP-nin bələdiyyə seçkilərində uduzmasına səbəb nə oldu? Bu məğlubiyyətdən sonra proseslər necə olacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa dedi ki, CHP-nin bu cür uğur qazanması bilavasitə özünün imkanları ilə, gücü ilə bağlı deyildi:

"20 ildən artıq bir iqtidar partiyası ilə hər şeyi həll etmək mümkün deyil. Müəyyən təlatümlər yaşadı, zəlzələ və xarici siyasətdə müəyyən uğursuzluqlar ortaya çıxdı. İraq və Suriya məsələsi, Suriyadan çox sayda gələn qaçqınların yerləşməsi məsələsi oldu. Bütün bunlar hamısı prosesə öz təsirini göstərdi. Buna Türkiyə cəmiyyətində daha çox iqtidarı dəstəkləmək mənasına gələn addımlar kimi baxılmamalıdır, daha çox iqtidara etiraz olaraq mühafizəkar kəsim CHP-yə səs verdi. CHP indiyə kimi bu qədər səs almamışdı. Bu o deməkdir ki, özünün bazası deyil. Həm də burada "Demokratik" adı ilə çıxış edən kürd partiyası da qüvvəsini CHP-yə dəstəyə yönəltdi və bunlar da öz təsirini göstərdi. Ona görə də böyük şəhərlərin əksəriyyətində məğlub olmaq iqtidarın əslində alt tabanını xeyli sarsıtmış oldu. Ümid edək ki, bu seçki Türkiyədə hansısa bir problemlərin həllinə dəstək verəcək seçki olacaq və qarşıdurmaya gətirib çıxartmayacaq", - deyə millət vəkili vurğuladı.

Humay İSGƏNDƏRLİ