“Ermənistanın qoşun cəmləməsi İrəvanın təxribatçılıq niyyətindən xəbər verir”

 14:33 02.04.2024     226

“Ermənistanın şərti sərhəddə canlı qüvvə və hərbi texnika cəmləməsi açıq-aşkar İrəvanın təxribatçılıq niyyətindən xəbər verir”.

Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ermənistan hakimiyyətinin bu kimi təxribatlarla bəzi məqsədlərə çatmağa çalışdığı şübhəsizdir:

 “Ermənistanın Vətən müharibəsindən sonra da ölkəmizə qarşı həm hərbi, həm də siyasi-informasiya müstəvisində təxribatları davam etdirdiyi hər kəsə məlumdur. Bu da məlumdur ki, Ermənistan və onun havadarları bu kimi təxribatlarla sülh sazişinin imzalanmasını əngəlləməyə, regionda yeni bir gərginlik yaratmağa çalışırlar.

Ölkəmizə qarşı təxribatlarda digər bir məqsəd isə Azərbaycanı hərbi müstəvidə konkret addımlar atmağa, cavab tədbirləri görməyə sövq etmək, bununla da ölkəmizin aqressiv dövlət obrazını formalaşdırmaqdır. Bu işdə Ermənistan qədər onun xaricdəki himayədarları da maraqlıdırlar.

Artıq mümkün təxribatlarla bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi rəsmi açıqlamalar verib, habelə düşmənin şərti sərhəddə möhkəmlənmək cəhdlərinin əks olunduğu görüntülər paylaşıb. Bütün bu faktlar aydın şəkildə Ermənistanın təxribat hazırlıında olduğunu göstərir. Bu faktlar bir daha sübut edir ki, rəsmi İrəvan sülh haqqında deyil, yeni qarşıdurmalar haqqında düşünür. Aprelin 1-də Naxçıvan istiqamətində mövqelərimizin Ermənistan ordusu tərəfindən atəşə tutulması planlaşdırılan təxribatların tərkib hissəsidir. Ermənistan ordusunun şərti dövlət sərhədlərində cəmləşdirldiyini nəzərə alsaq, bu kimi təxribatların yaxın günlərdə təkrarlanacağı istisna deyil. 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin də bəyan etdiyi kimi, bölgədə baş verə biləcək mümkün insidentlərə görə məsuliyyət birmənalı şəkildə Ermənistan və onun himayədarlarının üzərinə düşəcək.

Azərbaycan dövləti, onun Silahlı Qüvvələri xalqımızın və dövlətimizin təhlükəsizliyini təmin etməyə, ərazi bütövlüyümüzə, suverenliyimizə yönəlik hər cür təhlükənin qarşısını almağa qadirdir. Əgər Ermənistan ölkəmizə qarşı hər hansı təxribata əl atarsa, o zaman bu təxribatın qarşısını bir neçə misli ilə alacaq”.