"Ermənistanı futbol meydanında nimdaş top kimi tərəflər istədikləri küncə vuracaqlar" - Deputat
Bildiyimiz kimi, aprelin 5-də Brüsseldə Ermənistan-Avropa İttifaqı-Amerika Birləşmiş Ştatları arasında görüş keçiriləcək. Siyasətçilərin fikrincə, bu görüşdən sonra Ermənistan Rusiyadan tamamilə qopacaq. Yəni artıq Rusiya hərbçiləri Ermənistandan çıxarılacaq və onları Fransa və ya ABŞ hərbçiləri əvəz edəcək.
Ötən gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da deyib ki, Avropa İttifaqının Ermənistandakı missiyası NATO missiyasına çevirilir.
Baş tutacaq görüşdən sonra proseslər necə olacaq? Ermənistan Rusiya ilə müttəfiqlikdən tamamilə vaz keçəcəkmi? Həqiqətən də Ermənistanda NATO missiyası olacaqmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan millət vəkili Musa Qasımlı söylədi ki, Brüsseldə Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüş çoxlu məqsədlər daşıyır:
"Təşkilatçılar Ermənistana iqtisadi yardım məsələlərinin müzakirə olunacağını desələr də, hamı yaxşı bilir ki, hər hansı bir iqtisadi yardımın konkret siyasi, strateji hədəfləri olur. Siyasi maraqlar olmadan heç bir ölkə, heç bir təşkilat digər bir ölkəyə maliyyə, texniki və digər yardımları etmir. Tarixdən bir nümunə gətirmək istəyirəm. 1947-ci il Trumen Doktrinası, sonrakı ildə Marşal planı. Bunlar əvvəlcə iqtisadi-maliyyə yardımlarını bərpanı nəzərdə tutsa, arxasınca siyasi məqsədləri gətirdi. Ona görə də Brüsseldə keçiriləcək görüş uzunmüddətli strategiyanın davamıdır. Bu strategiya ondan ibarətdir ki, Ermənistanı Cənubi Qafqazdan qoparsınlar, Rusiyanı Ermənistandan çıxarsınlar və digər uzaq ölkələri regiona gətirsinlər. Belə yanaşma çox təhlükəlidir, münasibətləri regionda kəskinləşdirir, sülhə xidmət etmir. Əgər Birləşmiş Ştattlar, Avropa İttifaqı Cənubi Qafqazda sülh istəsəydilər, onlar təcavüzkar Ermənistana belə münasibət bəsləməməli idilər. Təcavüzkarı necə müdafiə etmək olar? Təcavüzkarı, beynəlxalq hüquq normalarını pozan bir ölkəni necə silahlandırmaq olar? Düşünürəm ki, Brüssel görüşü indiyə qədər bəzən üstüörtülü olan, bəzən də açıq olan bir çox məsələləri tam su üzünə çıxaracaq".
Deputat deyir ki, Rusiya-Ermənistan münasibətlərinə gəlincə isə mediada yayımlanan fikirlər ciddi təhlil olunmalıdır.
"Ritorikanın arxasında nələr dayandığına fikir verməkdə fayda var. Rusiya Ermənistanın və ermənilərin əleyhinə deyil, qərbpərəst siyasət yürüdən Paşinyanın əleyhinədir. Edilən bütün tənqidlər də konkret olaraq Paşinyana qarşıdır. Bu o deməkdir ki, bir müddət sonra Paşinyan hakimiyyətdən gedərsə, yerinə onun siyasətinin əksini yürüdən bir şəxs gələrsə, yenidən münasibətlərdə istiləşmə ola bilər. Məsələnin digər tərəfi ondan ibarətdir ki, söz atışmalarına baxmayaraq, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi artır, Rusiyanın mediasında ermənilər istədiklərini edirlər. Bu ölkədə erməni icması güclüdür. Ona görə də Ermənistanın hansı yöndə olacağı, məncə, aydındır. Ermənistan iki stulda oturmaq istəyir, bu isə ona böyük fəlakətlər gətirəcək. Futbol meydanında nimdaş top kimi tərəflər istədikləri küncə vuracaqlar", - deyə Musa Qasımlı vurğuladı.
Humay İSGƏNDƏRLİ