"Blinkenin İlham Əliyevə zəngi Azərbaycanla hesablaşmağın göstəricisidir" - Deputat

 17:29 04.04.2024     533

"Aprel ayının 5-də Brüsseldə keçiriləcək Ermənistan-Avropa Birliyi-ABŞ üçtərəfli görüşdən əvvəl görüşün əsas iştirakçısı, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenin Azərbaycan prezidentinə zəng etməsi, hər şeydən öncə Azərbaycana olan diqqət onun mövqeyinin nəzərə alınması kimi qiymətləndirilməlidir".

Bunu Redaktor.az-a Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəngini şərh edən Milli Məclisin deputatı Hikmət Babaoğlu dedi.

Millət vəkili söylədi ki, nəticə etibarilə Azərbaycanda müxtəlif səviyyələrdə bu görüşlə bağlı narahatlıqlar dilə gətirilmişdi:

"Məhz Blinkenin Azərbaycan Prezidentinə zəng etməsi də regional məsələlərdə Azərbaycan və onun prezidentilə hesablaşmağın lazım olduğunun göstəricisi kimi də səciyyələndirilməlidir. Nəticə etibarilə bu triadanın təşkil etdiyi qeyri-inkluziv, bəlkə də qeyri-konstruktiv görüşün və o görüşdə qəbul edilən nəticələrin realizə olunması üçün görüş iştirakçılarının hər üçü bilir ki, yenidən Azərbaycana ehtiyacı olacaq. Azərbaycansız Ermənistanın nə iqtisadi baxımdan gücləndirilməsi mümkün olmaz, nə də Paşinyanın irəli sürdüyü və yenə görüşdə müzakirə olunacaq sülh kəsişməsi ilə bağlı irəli sürülən planların realizə olunması mümkün olacaq. Ona görə də nəticə etibarilə düşünürəm ki, həm də bu görüşdə qəbul ediləcək qərarların necə icra olunacağı ilə bağlı və ümumiyyətlə, icra olunmasının mümkünlüyü ilə bağlı Azərbaycanın mövqeyinin nəzərə alınması idi. Bu, Azərbaycanın gücünün göstəricisidir".

H.Babaoğlu nəzərə çatdırdı ki, bütün hallarda Blinken nə desə də, Brüsseldə keçiriləcək görüş Azərbaycanın lehinə olan bir görüş deyil.

"Çünki nəticə etibarilə tutaq ki, hərbi yardım olmasa, hərbi texniki yardım olmasa belə, təhlükəsizlik məsələləri müzakirə olunmasa belə, demək özü özlüyündə iqtisadi baxımdan Ermənistanın gücləndirilməsi həm də hərbi sahənin gücləndirilməsi deməkdir. Üstəlik də çox təəssüf ki, Avropa Birliyi, o cümlədən Amerika Birləşmiş Ştatları beynəlxalq hüququ pozan və Azərbaycanın səkkiz kəndini hələ də işğal altında saxlayan bir ölkə ilə belə görüşlər keçirir. Bu, məncə qəbuledilən olmamalıdır. Çünki ilk növbədə Ermənistana demək lazım idi ki, belə bir əməkdaşlıq üçün sən hazır deyilsən. Çünki sən işğalçı ölkəsən, bu gün də Azərbaycanın ərazilərini, yəni səkkiz kəndini işğal altında saxlayırsan. Məsələ bundan ibarətdir. Düşünürəm ki, telefon danışığı Azərbaycana diqqətin göstəricisidir, Azərbaycanla hesablaşmağın göstəricisidir. Blinken, "Azərbaycanla əməkdaşlığı dərinləşdirəcəyik" deyən zaman düşünürəm ki, həm də perspektivdə Azərbaycanla ABŞ-nin münasibətlərinə yeni impuls verilməsinə və ABŞ-nin belə bir yaxşı münasibətə ehtiyacının olması ilə əlaqədardır ki, Azərbaycan da əlbəttə ki, belə əməkdaşlığa, tərəfdaşlığa həmişə hazırdır. Yetər ki, qarşı tərəf ədalətli olsun, Azərbaycanın hüquqlarını tanısın və ona hörmət etsin", - deyə deputat vurğuladı.

Humay İSGƏNDƏRLİ