TBMM-in NATO PA-dakı nümayəndə heyəti Milli Məclisdə - FOTO

 18:00 04.04.2024     247

Aprelin 4-də Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Redaktor.az xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov ölkələrimiz arasında olan dostluq və qardaşlıq münasibətlərdən söz açıb.

Dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə olduğunu deyən Z.Əsgərov dövlət başçılarının bu sahədə rolunu xüsusi vurğulayıb, parlamentlərarası əlaqələrin də yüksələn xətlə inkişaf etdiyini, Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə qalxdığını diqqətə çatdırıb. O, 44 günlük Vətən müharibəsində Azərbaycana göstərilən dəstəyə görə Türkiyə xalqına və hökumətinə təşəkkür edib. Komitə sədri Azərbaycanın bölgədə sülhün və əməkdaşlığın möhkəmləndirilməsi təşəbbüslərindən danışın, Fransa və digərlərinin Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə müdaxilələrinin regional təhlükəsizliyə ciddi təhdidlər yaratdığını bildirib. Komitə sədri aprelin 5-də keçiriləcək ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlandığını vurğulayıb, bu görüşün doğurduğu narahatlıqları diqqətə çatdırıb.

TBMM-in üzü Mövlud Çavuşoğlu Türkiyə ilə Azərbaycan arasında münasibətlərin müxtəlif aspektlərinə toxunub, hüquqi müstəvidə münasibətləri daha da dərinləşdirmək üçün bir sıra mühüm addımların atıldığını, Qarabağ Zəfərinin hər iki dövlətin müttəfiq olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb. Nümayəndə heyətinin rəhbəri bəzi ölkələrin Cənubi Qafqazda sülhü əngəlləməyə çalışmasından söz açaraq, Azərbaycana qarşı haqsız münasibətin, ikili standartların olduğunu diqqətə çatdırıb. Mövlud Çavuşoğlu Türkiyə ilə Azərbaycanın bütün platformalarda bundan sonra da bir-birini sonadək müdafiə edəcəklərinə əminliyini bildirib.

Görüşdə çıxış edən deputatlar Siyavuş Novruzov, Kamran Bayramov, Elşən Musayev və Məlahət İbrahimqızı Azərbaycanın NATO, xüsusilə də Türkiyə ilə əməkdaşlığı barədə fikirlərini bölüşüblər.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

222