"Biz gözləməli deyilik, Ermənistanı çökdürməliyik" - Fəzail Ağamalı: "Ordu hərəkətə keçməlidir"
Xəbər verdiyimiz gün, ötən gün Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayan, ABŞ dövlət katibi Entoni Blinken və Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell arasında dördtərəfli görüş keçirilib.
Görüş zamanı imzalanan sazişlərə əsasən, gələcəkdə Aİ Ermənistana 270 milyon avro, ABŞ isə 65 milyon dollar yardım ayıracaq. Eyni zamanda görüşdə Azərbaycan-Ermənistan münasibətlərinə, Cənubi Qafqazdakı proseslərə təsir edəcək məsələlər müzakirə olunub.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı deputatı Fəzail Ağamalı qeyd etdi ki, ötən gün Milli Məclisin plenar yığıncağında məsələ ilə bağlı fikirlərini açıq şəkildə ortaya qoyub:
"Bu gün də o fikirdəyəm, gələcəkdə də o fikirdə olmaqda davam edəcəm. Çünki fikirlərim həqiqətə söykənir. Bu görüş əslində mahiyyətcə Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasında deyil, Ermənistanın revanşist hərəkətlərini stimullaşdırmaq, Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddialarını stimullaşdırmaq və Ermənistanı bu baxımdan həvəsləndirmək, onunla bərabər olmaq, nəticə etibarilə Cənubi Qafqazda yeni münaqişə ocağının əbədi olaraq alovlanmasına və region ölkələrinə sıçratmasına xidmət edən avantürist bir addımdır. Burada bizə bəlli olan məlumatlara görə, mətbuat üçün, dünya üçün hər iki ölkənin rəsmiləri və xalqı üçün gəlişi gözəl sözlər işlənsə də, əslində o mətbuat konfransında verilən açıqlamalar bu görüşün bütün anatomiyasını və mahiyyətini özündə əks etdirmir. Bu cür təbəssümlə müşayiət olunan açıqlamalar, hədəflənmiş bir açıqlamadır, onların niyyətlərini gizlətmək üçün bəlli, universal metodur. Ermənistan əgər bu gün başqa adla ABŞ-dən, Avropa İttifaqından maliyyə yardımı alırsa, o, maliyyə yardımı ilə heç şübhəsiz ki, silahlanmaya xüsusi fikir verəcək. Artıq bəllidir ki, Fransadan, Yunanıstandan, ola bilsin ki, sabah-birigün başqa Qərb ölkələrindən də, eyni şəkildə Hindistandan, İrandan, güzəştli şərtlərlə hücum xarakterli silahlar alan Ermənistan sakit durmayacaq. Silahlanandan, özünə güc tapandan, özünə inam formalaşdırandan sonra ABŞ-nin, Avropa İttifaqının köməyindən, yardımından istifadə edib Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış edəcək. Bu, qətiyyən istisna olunmur".
Deputat vurğuladı ki, Ermənistanın silahlı qüvvələri artıq bir neçə gündür ki, Azərbaycanla şərti sərhəd boyu təxribatlar törətməkdədir.
"Bu təxribatların qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələri hərəkətə keçməli, həmin təxribatların törədildiyi nöqtələr legitim hədəf kimi məhv edilməli və Ermənistana elə bir ciddi zərbə vurulmalıdır ki, onun dünən əldə etmiş olduğu hərtərəfli yardımdan doğan inamı sarsılsın. Biz gözləməli deyilik ki, ittifaqın gəlmiş olduğu razılığa əsasən Ermənistan güclənsin, yəni silahlansın, güclü hərbi imkanlara malik olsun, ən müasir silahları Qərbdən, Hindistandan, İrandan alıb, onu Azərbaycana qarşı yönəltsin. Nə qədər bu olmayıbsa, biz Ermənistanı çökdürməliyik. Onun təxribatlarına qəti şəkildə cavab verilməlidir və legitim hədəf kimi onlar darmadağın edilməlidir. Lazım gələrsə, Azərbaycan özünün dövlət təhlükəsizliyi və xalqımızın təhlükəsizliyi üçün daha ciddi, daha əhəmiyyətli və önəmli addımlar atacaq", - deyə Fəzail Ağamalı bildirdi.
Humay İSGƏNDƏRLİ