Ohanyan delimitasiyanın Qazaxdan başlamasına qarşı çıxdı

 12:41 09.04.2024     307

"Ermənistanın siyasi qüvvələri, ictimai strukturları və əhalisi hakimiyyətin orduya Tavuşdakı mövqelərindən geri çəkilmək üçün qanunsuz əmrlər verməsinin qarşısını almalıdır".

Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Xocalı qatili, Ermənistanın keçmiş müdafiə naziri, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.

“Silahlı qüvvələr sərhədlərin mühafizəsi ilə bağlı üzərinə düşən vəzifələri aydın və şərəflə yerinə yetirməli, siyasi qüvvələr və cəmiyyət siyasi rəhbərliyin orduya qanunsuz əmrlər verməyə imkan verməməlidir”, - deyə o, "sərhədin delimitasiyası və demarkasiyası çərçivəsində geri çəkilmək əmri alsa, ordu necə hərəkət etməlidir?" sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə Sünikdə şifahi, qeyri-qanuni əmrə əsasən, bir sıra rayonlardakı ordu hissələri 20 km geri çəkilərək bu ərazidə gələcək delimitasiya və demarkasiya üçün problemlər yaradıb.

Ohanyan hesab edir ki, Azərbaycanla delimitasiyaya konkret Tavuşdan (Qazaxla sərhəd) başlamaq qəbuledilməzdir. Onun sözlərinə görə, Azərbaycan bununla Tavuşda mühüm strateji yüksəklikləri ələ keçirmək, dövlətlərarası (Gürcüstana gedən) yola nəzarəti ələ keçirmək və bununla da Ermənistanla Rusiya arasında quru əlaqəsini faktiki olaraq kəsmək istəyir. Ohanyan xatırladıb ki, nə bir xəritə, nə delimitasiya ilə bağlı bir razılaşma var və hakimiyyətin hansı əsasla yeni əraziləri düşmənə verməyə hazırlaşdığı tam aydın deyil.

O, Tavuşdan delimitasiyaya başlamaq təklifinin Baş Qərargah tərəfindən səsləndirilməsi ilə bağlı şayiələri tamamilə yalan adlandırıb. Ohanyan bildirib ki, bu, siyasi rəhbərliyin ideyasıdır.

T.İSMAYIL