"Bizim müxalifət özlərinə səcdəgah axtaranda düşünməlidirlər ki..."
Bu gün Azərbycanla sərhədlərin delimitasiyası ilə bağlı Ermənistan parlamentində iclas olub. İclas başlamazdan əvvəl parlamentin spikeri Alen Simonyan bildirib ki, parlamentin reqlamentinə uyğun olaraq, bəzi parlamentarilərin məxfi məlumatlara çıxışının olmasına icazə yoxdur. Beləliklə Ermənistanın keçmiş müdafiə naziri, müxalif “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan delimitasiya məsələləri üzrə keçirilən qapalı iclasa buraxılmayıb.
Ohanyanla yanaşı, qapalı iclasda deputatlar Levon Koçaryan, Armen Gevorkyan, Aspram Krpeyan, Arman Kazaryan, Mqer Melkonyan, Armen Rustamyan, Mqer Saakyan və Artur Sarkisyanın iştirakına icazə verilməyib. Hakim “Vətəndaş müqaviləsi” partiyasından isə David Karapetyan da görüşdə iştirak edə bilməyib.
Bəs "məxfi məlumatlara çıxışının olmaması" əslində nə deməkdir?
Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Abutalıb Səmədovun sözlərinə görə, Ermənistan parlamentində baş verən bu qeyri-adi hadisə bir daha göstərir ki, Azərbaycan müxalifətinin az qala səcdə etdiyi Ermənistan hakimiyyəti nə qədər "demokratik" normalara sadiqdir.
"Dünyada bunun mən bilən analoqu yoxdur. Çünki heç kimin ixtiyarı yoxdur ki, deputatları etibarlı və etibarsız deyə qruplara bölsün və onların bəzilərini məxfi, qapalı iclaslara buraxmasın. Əgər deputatlar hansısa məsələni müzakirə edirlərsə, orada onların hamısı iştirak etməlidir. Çünki deputatlar eyni səlahiyyətə, eyni hüquqlara malikdirlər və bu cür ağlara və qaralara bölmək, hesab edirəm ki, demokratik dünya tərəfindən də ciddi şəkildə lənətlənməlidir. Heç olmasa yüngülvari etiraz etməlidirlər, əgər həqiqətən də onlar demokratik prinsiplərə sadiqdirlərsə. Məqsəd aydındır, Ermənistan parlamentində Azərbaycanın işğal olunmuş kəndlərinin qaytarılmasının zəruri olduğu məsələsi müzakirə olunub. Söhbət birinci növbədə dörd sərhəd kəndinin, sonra da digər kəndlərin geri qaytarılmasından və delimitasiyanın Qazax sərhədindən başlanmasından gedir və müxalifətin bir hissəsi burada qeyri-konstruktiv mövqe tutur. Ancaq qeyri-konstruktiv mövqe tutan deputatları ikinci dərəcəli elan etmək heç bir hüquqi və demokratik prinsiplərə sığmır, ona görə qəbul olunmaz. Bizim müxalifət də özlərinə səcdəgah axtaranda düşünməlidirlər ki, doğrudan da Ermənistan və onun rəhbərliyi nə qədər demokratik prinsiplərə sadiqdir və onlara demokrat demək, tez-tez Azərbaycan hakimiyyətinə onları nümunə göstərmək nə dərəcədə düzgündür?", - deyə politoloq bildirdi.
Humay İSGƏNDƏRLİ