Deputatdan Tokayevin vasitəçilik təklifinə REAKSİYA
Bu gün Ermənistanda səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanla Ermənistan arasında danışıqlar üçün vasitəçiliyini təklif edib.
Tokayev həmçinin İrəvanın Cənubi Qafqazda nəqliyyat əlaqələrini aktivləşdirmək cəhdlərini yüksək qiymətləndirdiyini vurğulayaraq, Astananın Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən irəli sürülən “Dünyanın kəsişməsi” layihəsini dəstəklədiyini deyib.
Tokayevin vasitəçilik təklifi haqqında Redaktor.az-a danışan Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Aydın Mirzəzadə dedi ki, Azərbaycan Ermənistanla normal qonşuluq münasibətləri qurmaq istəyini Vətən müharibəsindən dərhal sonra bildirib:
"Azərbaycan Ermənistana beş beynəlxalq hüquq prinsipinə əsaslanan təkliflərini göndərdi, Ermənistanın həmin təkliflərə heç bir iradı olmasa da, bununla belə, hələ də sülh müqaviləsinin imzalanması prosesini ləngidir, müxtəlif bəhanələr gətirir. Onun sülh müqaviləsinə münasibəti çox təəssüf ki, hələ də konstruktivdən uzaqdır. O cümlədən hansısa beynəlxalq təşkilatlar və yaxud da dost ölkələr Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına kömək olacaq addımlar və yaxud təşəbbüslər edəcəklərsə, Azərbaycanın buna etirazı yoxdur. Prinsip etibarilə Azərbaycan beynəlxalq hüquq münasibətlərinə əsasən ərazi bütövlüyünü təmin edib".
Humay İSGƏNDƏRLİ