"Bütün bu proseslər Fransa tərəfindən körüklənir" - Deputatdan AÇIQLAMA

 17:17 17.04.2024     785

Xəbər verdiyimiz kimi, Fransa Azərbaycandakı səfirini geri çağırıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və Prezident Emmanuel Makronun diplomatı qəbul etdiyi bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Azərbaycandakı səfirini geri çağırılması ilə bağlı danışarkən bildirib ki, Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, rəsmi Bakının Fransaya qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub.

"Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransanın addımlarının sülhə xidmət etmədiyi gün kimi aydındır. Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid və təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edir", - deyə XİN sözçüsü bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev dedi ki, 44 günlük müharibədən sonra, ümumiyyətlə Fransanın Azərbaycana qarşı apardığı siyasət həm daxili, həm xarici siyasət birmənalı şəkildə ancaq qərəzli, heç bir fakta söykənməyən bir siyasət olub.

"Məlum məsələdir ki, vaxtilə ATƏT-in Minsk qrupunun həmsədrliyində təmsil olunduqda da Fransa birmənalı şəkildə Ermənistanın tərəfini tutub. Onların apardığı siyasət nəticəsində bu gün artıq böyük qayıdış problemə çevrilib, minalarla dolu olan ərazilərimizi minadan təmizləmək məcburiyyətində qalmışıq. Vaxtilə bunların hamısı Fransanın da iştirak etdiyi ATƏT-in Minsk qrupunun həmsədrliyi tərəfindən bəyan olunmalı, açıqlamalar verilməli idi. Eyni zamanda onlar bizim qələbəni tam həzm edə bilmədilər. Təsəvvür edin, Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında, digərlərində Azərbaycan əleyhinə müxtəlif sənədlər qəbul etdilər, ərazimizə müşahidəçi adı ilə silahlı qüvvələr yerləşdirildi, Ermənistana silah-sursat göndərdilər. Bunların hamısı məlum məsələdir ki, Azərbaycana qarşı atılan addımlardır", - deyə millət vəkili bildirdi.

Arzu Nağıyev əlavə etdi ki, həm iqtisadi, həm siyasi, həm hərbi cəhətdən, mədəniyyətimizə olan zərbə cəhətdən, bunların hamısını məhz Fransa dövləti, Fransa hakimiyyəti etmişdi:

"Dəfələrlə özlərinin parlamentində heç bir fakta söykənməyən məsələlərin qaldırılmasına Azərbaycan öz addımını atdı, bəyanatını verdi. Hətta Fransa xüsusi xidmət orqanlarının Azərbaycan ərazisində apardığı casusluq fəaliyyəti ilə bağlı bizim açıqlamalarımız oldu, onlar həbs olundu. Bütün bu proseslər məlum məsələ idi ki, Fransanın hakimiyyəti tərəfindən körüklənir və bunu mütləq şəkildə vaxtilə Qarabağın ərazisində qazandığı iqtisadi, siyasi, digər məsələləri yenidən bərpa etməyə çalışırdı. Ermənilərdən də bundan vasitəçi kimi istifadə edirdi. Eyni zamanda son vaxtlar COP29-la bağlı keçirilən tədbirlərə kölgə salmaq, müxtəlif tribunalarda bunun əleyhinə danışmaq məsələsi də gündəmdə idi. Ermənistanı silahlandıran, balansı pozan, yəni bu problemlərin hamısı yaşanmaqda idi və bundan sonra öz səfirini geri çağıraraq sonradan Azərbaycanın birtərəfli şəkildə təqsirləndirilməsi heç bir məntiqə sığmır. Çünki verilən bəyanatın arxasında müəyyən faktlar olmalıdır. Azərbaycanın öz müstəqil, daxili və xarici siyasəti var. Əgər dövlətimizə qarşı, Azərbaycana qarşı hansısa qarayaxma kampaniyası keçirirlərsə, eyni zamanda müxtəlif addımlar atırlarsa, bunun məntiqi sonluğu da belə olmalıydı. Azərbaycan daim danışıqlara açıqdır, qarşılıqlı müzakirələrə açıqdır, bu dəfələrlə dövlət başçısı tərəfindən də qeyd edilib, bütün platformalarda bu haqda danışılıb. Sadəcə olaraq, artıq özlərinin məkrli siyasətini burada həyata keçirə bilmirlər. Ona görə də öz səfirlərini çağırıb, birtərəfli bəyanatlar verilir".

Humay İSGƏNDƏRLİ