"Sülhməramlıların Azərbaycandan çıxması bizim qələbəmizdir" - AÇIQLAMA

 18:13 17.04.2024     685

Ötən gündən başlayaraq Qarabağda olan Rusiya sülhməramlı kontingenti Azərbaycanı tərk etməkdədir.

Kremlin mətbuat katibi Dmitri Peskov da Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisindən çıxarılmasına başlanıldığını təsdiq edib.

Mövzu ilə bağlı Redaktor.az-la fikirlərini bölüşən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov dedi ki, Rusiya hərbçiləri sülhməramlı funksiyasını artıq yerinə yetiriblər:

"Qarabağda elə bir problem yoxdur. Azərbaycan sərhədləri demək olar ki, öz sərhədçilərimiz tərəfindən qorunur. Qarabağda yaşayan az miqdarda ermənilərin təhlükəsizliyi də Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən tam təmin olunub. Heç bir konfliktə, heç bir problemə ehtiyac yoxdur. Onlar funksiyalarını yerinə yetirib, gec-tez öz dövlətlərinə, öz xidməti ərazilərinə qayıtmalıdırlar. Onların müqavilə müddəti 2025-ci ilə qədərdir, amma məsələlərin vaxtından əvvəl başa çatdığını nəzərə alaraq, yəqin ki, onlar öz keçmiş dislokasiya yerlərinə qayıdacaq".

Məsələ haqqında danışan ehtiyatda olan polkovnik Elşad İsayev söylədi ki, sülhməramlıların Azərbaycana, Qarabağa gəliş məlum idi:

"Üçtərəfli danışıqlara əsasən gəlib yerləşmişdilər. Bu gün sülhməramlıların Qarabağda qoruyası, mühafizə edəsi bir obyekt, bir şey qalmayıb. Ona görə də bunların getməsi təbiidir. Sadəcə, onların 2025-ci ilə qədər vaxtı var. Eyni zamanda da, Rusiya bu gün müharibə şəraitindədir, ola bilər, bu ehtiyat qüvvələr onların özləri üçün də lazımdır. Hər halda sülhməramlıların Azərbaycandan çıxması bizim qələbəmizdir. Çünki artıq bu qüvvələrin Azərbaycanda bir işi qalmayıb. Ona görə də onların normal şəkildə Azərbaycanın ərazisini tərk etməsini, normal qarşılayıram. Hesab edirəm ki, bu gec-tez olmalı idi. Elə bu gün tərketmələrinin özü də yaxşı haldır".

Humay İSGƏNDƏRLİ