Sarqsyandan Qazaxdakı sərhəd dirəyinə reaksiya
"Azərbaycanla hazırkı delimitasiya prosesi sülhə yox, yeni çətinliklərə gətirib çıxarır".
Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan jurnalistlərə bildirib.
O qeyd edib ki, sivil dünyada delimitasiya adətən hansısa sazişin imzalanmasından əvvəl olur. "Yalnız bundan sonra əməli addımlar atılır. Ermənistan-Azərbaycan prosesində isə əksinədir. Məsələn, götürək, eyni qoşunların Tavuşdakı işğal olunmuş mövqelərdən çıxarılması, sərhəd dirəyinin quraşdırılması və s.", - eks-prezident qeyd edib.
Sarqsyan yaranmış vəziyyətdən çıxış yolunu hazırkı hakimiyyətin istefasında gördüyünü deyib.
"Müxalifət indiyədək ilk növbədə parçalanma səbəbindən buna nail ola bilməyib. Unutmaq olmaz ki, hakimiyyət kənardan dəstək alır", - deyə Sarqsyan bildirib.
Xatırladaq ki, ötən gün Azərbaycanla Ermənistan arasında sərhəddə (Qazax rayonu) yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb.
T.İSMAYIL