"Zəngəzur dəhlizi bütün Orta Asiya dövlətləri kimi, Qırğız üçün də maraqlıdır" - Ceyhun Məmmədov

 16:41 26.04.2024     843

Xəbər verdiyimiz kimi, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri baş tutub.

Ötən gün Sadır Japarov və Azərbaycan Prezidenti İlham Əliyev Ağdam şəhərində olublar, Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Prezidentlər Ağdam Cümə məscidinin açılışını ediblər, Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər.

Qırğız Prezidentinin dövlət səfəri haqqında Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov dedi ki, bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir:

"Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksək səviyyədə inkişaf edir. Azərbaycan və Qırğız arasında əməkdaşlığın daha da irəlilədilməsi istiqamətində qarşılıqlı səfərlərin əhəmiyyəti böyükdür. Azərbaycan digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini etibarlı şəkildə davam etdirir. Qırğız Prezidentinin Azərbaycana son səfərində iki ölkə arasında imzalanan 10 sənəd - elm, təhsil, energetika, miqrasiya və digər sahələrini əhatə edən sözləşmə bunu deməyə əsas verir. Sadır Japarovla Prezident İlham Əliyev arasında dost münasibəti dövlətlərimiz və xalqlarımız arasında münasibətlərə də müsbət təsirini göstərməkdədir. Qırğız və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir və milli maraqlardan çıxış edərək həmişə bir-birini dəstəkləyir".

Millət vəkili bildirdi ki, 30 il ərzində Qırğız dövləti Ermənistan-Azərbaycan- Dağlıq Qarabağ münqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyib, münaqişənin həlli üçün müəyyən dövrlərdə fəallıq göstərməyə çalışıb:

"Qırğız Respublikası indi də Azərbaycanın yanındadır. Bundan sonrakı illərdə də Qırğız Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasına töhfə vermək niyyətindədir. Qırğız üçün önəmli olan məsələ yeni geosiyasi reallıqlarda əməkdaşlıq imkanlarının daha da gücləndirilməsidir. Ona görə də Zəngəzur dəhlizi bütün Orta Asiya dövlətləri kimi, Qırğız üçün də maraqlıdır. İnanırıq ki, ölkələrimiz arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək və hər iki ölkənin iqtisadi imkanlarının güclənməsinə əlavə töhfə olacaqdır".

Ceyhun Məmmədov hesab edir ki, Sadır Japarovun ölkəmizə səfəri bir çox baxımdan xüsusi önəmli əhəmiyyət daşıyırdı.

"Yəni artıq bir neçə dəfədir qardaş türk respublikalarının prezidentləri işğaldan azad olunmuş ərazilərə səfər edirlər. Xüsusilə Ağdama səfəri görürük və hesab edirəm ki, Ağdam Cümə məscidinin açılışında da birgə iştirak önəmli idi. Çünki bu gün bizi həm də ortaq dəyərlər birləşdirir. Hər iki ölkə müsəlman ölkəsidir, türk respublikasıdır. Azərbaycan həqiqətlərinin təbliği, erməni vəhşiliyinin ifşası baxımından, düşünürəm ki, bu cür səfərlər xüsusi önəmə və əhəmiyyətə malikdir, əlaqələrimizi gücləndirir, qardaşlığımızı daha da möhkəmləndirir", - deyə millət vəkili vurğuladı.

Humay İSGƏNDƏRLİ